Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gedib. Səfər çərçivəsində Prezident İlham Əliyev forum iştirakçıları, dövlət və hökumət başçıları, həmçinin nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə əsas diqqət Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti və enerji layihələri ilə bağlı olub.
Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun (Davos Forumu) illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri Azərbaycanın xarici siyasəti və beynəlxalq mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır:
“Davos Forumu artıq uzun illərdir ki, qlobal siyasi və iqtisadi gündəmin formalaşdığı əsas platformalardan biri hesab olunur. Burada dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, böyük biznes dairələri və ekspertlər bir araya gələrək dünya iqtisadiyyatının gələcəyini müzakirə edirlər. Prezident İlham Əliyevin bu forumda iştirakı Azərbaycanın təkcə regional yox, qlobal proseslərin fəal iştirakçısı olduğunu bir daha nümayiş etdirir. Xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji keçidi, nəqliyyat-logistika marşrutları və post-münaqişə dövründə regional sabitlik mövzuları Azərbaycanın beynəlxalq gündəmdə əsas üstünlükləridir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Cənub Qaz Dəhlizi və bərpa olunan enerji layihələri Davos çərçivəsində böyük maraq doğuran məsələlər sırasındadır”.
O deyib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları, eləcə də nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşləri olub:
“Bu görüşlər Azərbaycanın investisiya mühitinin təşviqi, işğaldan azad edilmiş ərazilərin bərpasına xarici sərmayənin cəlb edilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Regionda formalaşan yeni siyasi reallıqlar, sülh gündəliyi və Azərbaycanın suverenliyinin tam təmin olunması məsələləri də ikitərəfli təmaslarda diqqət mərkəzində olacaq. Xarici siyasət müstəvisində bu səfər Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli diplomatiyasının davamı kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev beynəlxalq platformalarda Azərbaycanın mövqeyini birbaşa və açıq şəkildə ifadə etməklə ölkənin maraqlarını qətiyyətlə müdafiə edir. Davos Forumu isə bu baxımdan həm siyasi mesajların verilməsi, həm də Azərbaycanın qlobal iqtisadi sistemdə etibarlı tərəfdaş kimi təqdim olunması üçün əlverişli tribuna rolunu oynayır. Bu səfər bir daha göstərir ki, Azərbaycan regional gücdən qlobal aktora doğru inamla irəliləyir”.
Leyla Turan Demokrat.az


