"Hazırda hər hansı bir müdaxilə ilə bağlı konkret mövqe səsləndirilmir və bu məsələdə ziddiyyətli yanaşmalar mövcuddur. Bununla belə, qonşu ölkədə, xüsusilə də 30 milyondan artıq soydaşımızın yaşadığı bir dövlətdə baş verən hadisələr hər kəsi ciddi şəkildə narahat edir. Müxtəlif mənbələrin açıqladığı rəqəmlər itkilərin çoxluğunu və repressiyaların amansız xarakter daşıdığını göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
O bildirib ki, xüsusilə İranın proksi qüvvələrinin, o cümlədən xarici silahlı qrupların – Hizbullah, Zeynəbiyyun və digər terror təşkilatları kimi tanınan strukturların etirazların yatırılmasına cəlb edilməsi ilə bağlı iddialar ciddi narahatlıq doğurur:
"Bu barədə yayılan video görüntülər də mövcuddur. İtkilərin 3000 nəfərdən çox olması doğrudursa, bu artıq faktiki olaraq qətliam deməkdir. Bu baxımdan baş verənlərin, repressiv metodların dayandırılmasına və problemlərin dialoq yolu ilə həllinə ciddi ehtiyac var. Lakin mövcud şəraitdə dini-ideoloji rejimin ritorikası və davranışları bunun mümkün olmayacağını göstərir".
Politoloqun sözlərinə görə, İran geniş coğrafiyaya malik dövlətdir və hər hansı mümkün müdaxilə, yalnız hərbi obyektlərə, xüsusilə SEPAH-a məxsus konkret təsisatlara yönəlmiş əməliyyatlar formasında baş verə bilər:
"Bununla belə, İranın coğrafi xüsusiyyətləri belə ssenariləri real etmir və bu cür addımlar daha çox daxili miqrasiya riskini artırar. Bütün ehtimallar ehtiyatla nəzərdən keçirilir. Biz qonşu ölkədə sabitliyin bərqərar olmasını, insan hüquq və azadlıqlarına hörmət edilməsini və repressiyalara son qoyulmasını arzulayırıq. Lakin proseslər əks istiqamətdə davam edərsə, Azərbaycan dövlətinin öz təhlükəsizliyini təmin etmək gücündə olduğu şübhə doğurmur və bunun əksini göstərən hər hansı bir amil mövcud deyil".
Əfsanə Kamal Demokrat.az


