Gündəm Özəl

Ucqar kənd məktəblərində distant təhsil sınaqdan keçirilir

Ucqar kənd məktəblərində distant təhsil sınaqdan keçirilir

“Ucqar kəndlərdə və şagird sayı çox az olan məktəblərdə distant təhsilə keçid ilk baxışdan rasional görünür. Müəllim çatışmazlığı, paralel siniflərin formalaşmaması, infrastrukturun saxlanma xərcləri kimi problemlər bu qərarı əsaslandırır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəm deyib.

O bildirib ki, Lənkəran-Astara bölgəsində aparılan pilot layihənin qənaətbəxş nəticə verməsi onu göstərir ki, doğru planlama və nəzarət olarsa, distant model işlək ola bilər:

“Ancaq burada bir neçə ciddi risk də var. Birincisi, rəqəmsal bərabərsizlik məsələsidir. Ucqar kəndlərdə internetin keyfiyyəti, texniki avadanlıqların əlçatanlığı hələ də bərabər səviyyədə deyil. Bu problem aradan qaldırılmadan distant təhsilə kütləvi keçid, təhsildə regionlararası fərqi daha da dərinləşdirə bilər. İbtidai və orta yaşlı şagirdlər üçün distant təhsil üzbəüz ünsiyyəti və sosiallaşmanı zəiflədir. Məktəb təkcə bilik deyil, həm də tərbiyə, sosial bacarıqlar və psixoloji inkişaf məkanıdır. Buna görə də distant təhsil bütün siniflər üçün deyil, daha çox yuxarı siniflər və kombinə edilmiş model çərçivəsində tətbiq olunmalıdır”.

O deyib ki, distant təhsil sadəcə dərsi kameraya çəkmək deyil:

“Müəllimlərin rəqəmsal pedaqogika üzrə xüsusi təlimlərdən keçməsi, dərs keyfiyyətinə davamlı monitorinq aparılması vacibdir. Bəzi ucqar məktəblərdə distant təhsilə mərhələli keçid alternativsiz yox, məcburi seçim kimi təqdim edilməməlidir. Ən düzgün yanaşma hibrid modelin tətbiqi, texniki təminatın tam həlli və valideyn–icma ilə açıq dialoq şəraitində bu prosesi həyata keçirməkdir. Əks halda, qənaət məqsədilə atılan addım uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə zərər vura bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova