Kriminal Özəl

Şəmkirdə 59 yaşlı kişi qadına xəsarət yetirdi

Şəmkirdə 59 yaşlı kişi qadına xəsarət yetirdi

Şəmkir rayonunda 59 yaşlı kişi həmkəndlisi olan qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin iyunun 2-də rayonunun Dəllər qəsəbəsində yerləşən köhnə zavodun qarşısında baş verib.

1966-cı il təvəllüdlü Vidadi Əminə (adlar şərtidir – red.) ilə mübahisə edib. Vidadi şəxsi münasibətlərin pozulması zəmində Əminənin heyvanlarının meyvə ağaclarını yeməsi ilə bağlı irad bildirməsinə görə qarşılıqlı olaraq biri birilərinin ünvanlarına nalayiq ifadələr işlətmələrindən sonra tərəflər arasında ilkin olaraq söz mübahisəsi baş verib.

Mübahisə zamanı o, əlindəki yaba ilə Əminənin ayaq nahiyəsinə qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Vidadinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Vidadi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 2-də, saat 17 radələrində Əminəyə məxsus heyvanlar həmin vaxtı mühafizəçi işlədiyi köhnə zavodun həyətindəki meyvə ağaclarını yediyi üçün ona irad tutub: “Əminə heyvanları çıxarmaq əvəzinə məni söydü. Mən də onu söydükdən sonra aramızda sözlə mübahisə baş verdi. Sonra əsəbləşərək əlimdəki yaba ilə onu vurdum”.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Vidadi 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində Şəmkir rayonunun hüdudlarını tərk etməsi, Şəmkir rayonunda yerləşən yaşayış yerini hər gün saat 23:00–dan saat 07:00–dək tərk etməsi qadağan olunub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.

Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova