31 dekabr – Dünya Azərbaycanlıları Həmrəylik Günü ərəfəsində ölkəmizin Ukraynadakı səfirliyi Kiyevdə yerləşən uşaq evlərindən birinə yardım edib.
Demokrat.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və iş adamı Qorxmaz Paşayev “Berezka” Mərkəzi Uşaq Evinə gələrək burada yaradılan şəraitlə tanış olublar.
Uşaq evinin direktoru Aleksandr Moqilnı məlumat verib ki, burada 78 uşağa xidmət göstərilir. Onların arasında anadangəlmə qüsurlu uşaqlar da var.
Səfir A.Xudiyev öz növbəsində bildirib ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət qayğısı mövcuddur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə kimsəsiz uşaqlara qayğıların göstərilməsi ilə bağlı dövlət proqramları qəbul edilib. Ukrayna bu sahədə Azərbaycan modelindən istifadə edə bilər.
Diplomat vurğulayıb ki, səfirlik bu uşaq evini himayəyə götürərək intensiv yardımlarını davam etdirəcək. (AZƏRTAC)


