"Əmlak bazarı əsasən daxili, yerli bazardır. Azərbaycanda daşınmaz əmlak qiymətləri yerli gəlirlərə və tələbatına əsaslanır. Qızıl bazarı isə tamamilə dünya bazarıdır və qiymətlər burada qlobal hadisələrdən təsirlənir. Başqa sözlə, Azərbaycanda qızılın qiyməti formalaşmır, yalnız zərgərlik məhsullarının qiyməti yerli bazarda müəyyənləşə bilər. Qızılın qiyməti isə London, New York və digər dünya birjalarında müəyyən olunur".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O, bildirib ki, bu il qızıl dünya birjasında 68% bahalaşıb:
"Gələn il üçün isə 5-10% artım proqnozlaşdırılır. Qiymətlərin yenə də artacağı gözlənilir, lakin əvvəlki kimi sürətli artım ehtimalı aşağıdır. Əlbəttə, proqnozlar şərtlərə bağlıdır və qiymətlər həm arta, həm də arta bilməz. Qızılın bahalaşmasının əsas səbəbləri qlobal gərginliklərin artması, iqtisadi və ticarət münaqişələri, siyasi-hərbi münaqişələr, hegemonluq uğrunda mübarizə və ölkələr arasında tətbiq olunan sanksiyalardır. Məsələn, Donald Tramp hakimiyyətə gəldikdən sonra qızıl qiymətləri sürətlə artmışdı, çünki onun siyasəti qlobal gərginliyi artırmışdı".
Ekspert bildirib ki, əmlak bazarında isə vəziyyət tamam fərqlidir:
"Azərbaycanda əmlak bazarının dünya bazarına birbaşa təsiri yoxdur. Mərkəzi Bankın hesabatlarına görə, son 5 ildə əmlak qiymətləri 35-40% artıb, yəni ildə təxminən 9-10% yüksəliş müşahidə olunub. Gələn il üçün proqnozlar göstərir ki, qiymətlər ucuzlaşmayacaq, lakin artım tempi yavaşlaya bilər. Yəni illik 9-10%-lik artımların davam etməsi gözlənilmir, amma qiymətlərin düşməsi real deyil. Hazırda qlobal miqyasda əmlak bazarında ciddi ucuzlaşma yoxdur və Azərbaycanda illik əsasda qiymətlərin düşməsi gözlənilmir".
Əfsanə Kamal Demokrat.az


