Gündəm Özəl

Sürücülərin NƏZƏRİNƏ: Saxta ehtiyat hissələri maşını bu cür sıradan çıxarır

Sürücülərin NƏZƏRİNƏ: Saxta ehtiyat hissələri maşını bu cür sıradan çıxarır

"Saxta ehtiyat hissələrinin avtomobildə istifadəsi qəza riskini ciddi şəkildə artırır. Məsələn, saxta əyləc bəndləri fövqəladə vəziyyətdə düzgün tormuzlama məsafəsini təmin etmir. Orijinal ehtiyat hissəsi ilə avtomobilin dayanma məsafəsi təxminən 5 metr olduğu halda, saxta hissələrdən istifadə edildikdə bu məsafə 10–15 metrə qədər uzana bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında "KİA" servis müdiri Elşad Mirzəyev deyib.

"Bu isə birbaşa qəza təhlükəsi yaradır. Dayanma məsafəsinin artması istifadə olunan məhsulun keyfiyyətindən və saxtalığın səviyyəsindən asılı olaraq dəyişir.

Risk təkcə əyləc sistemi ilə məhdudlaşmır. Təkərlər, asqı sistemi, şarvari oynaqlar və digər mexaniki hissələr hərəkət zamanı yerindən çıxa, sıradan çıxa və qəzalara səbəb ola bilər. Bu hallar yalnız yol-nəqliyyat hadisəsi yaratmır, eyni zamanda avtomobilin özündə də ciddi texniki nasazlıqlara yol açır".

O bildirib ki, orijinal olmayan alışdırma bobini avtomobilin elektron idarəetmə sistemini sıradan çıxara bilər:

"Nəticədə avtomobil hərəkət zamanı qəfil sönür və yolun hərəkətli hissəsində qalaraq təhlükəli vəziyyət yaradır. Praktikada da bu cür hallara tez-tez rast gəlinir. Orijinal olmayan ehtiyat hissələrindən istifadə edən sürücülər müxtəlif texniki problemlərlə üzləşirlər. Xüsusilə saxta qayışlar avtomobilin mexaniki sistemlərində ciddi nasazlıqlara səbəb olur".

Qeyd edək ki, DYP saxta ehtiyat hissələrinin təhlükəsi ilə bağlı sürücülərə çağırış edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova