Bakının Pirallahı rayonunda 1982-ci il təvəllüdlü Həsən ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Turanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə cütlüyün birgə yaşadığı evdə baş verib. Həsən qeyri-rəsmi yaşadığı Turanə ilə aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyyəsindən yumruqla qəsdən vurub.
Hadisəni törədən Həsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Turanə ilə qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayıblar: “Əvvəllər başqa qadınla evli olmuşam, sonra ayrılmışam. Əvvəlki evlilikdən övladım olub. İlk evliliyimdən olan uşaqlarım ilə hərdən görüşdüyüm üçün Turanə məni qısqanmağa başladı. Hadisə günü, təxminən saat 08:30-da evdə Turanə uşaqla görüşməyimi mənə irad kimi bildirdi. Bu səbəbdən aramızda sözlü mübahisə başladı. Mübahisə zamanı Turanəni döydüm. O, də məni söyməyə başladı. Mən əsəbləşərək yumruqla bir dəfə onun üz nahiyyəsinə vuraraq onu döydüm. Hadisə yerində yalnız ikimiz olmuşuq”.
Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


