“İcra hakimiyyətlərinin ləğv edilməsi ilə bağlı söylənən fikirləri qəbul etmək mümkün deyil”
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin, Yevlax Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Qoca Səmədovun qanunsuz əməllərinin ifşa olunaraq həbs edilmələrindən sonra ümumilikdə rayon icra hakimiyyətlərinin fəaliyyəti və nöqsanları məsələsi ictimai müzakirəyə çıxarılıb. Azərbaycan prezidentinin də vaxtaşırı rayonların icra başçılarını tənqid etməsi, onların bir çoxunun işindən narazılığını ifadə eləməsi bəllidir.
Artıq sosial mediada rayonların idarəçiliyində yeni mexanizmlərin tətbiqini nəzərdə tutan müxtəlif təkliflər irəli sürülür. Məsələn, bildirilir ki, yerli icra hakimiyyətlərində köklü islahat aparılmalı, icra hakimiyyətləri ləğv edilməli və yerli idarəçiliklə bağlı bütün səlahiyyətlər seçkili orqan olan bələdiyyələrə verilməlidir. Daha bir diqqətçəkən təklif ölkənin inzibati ərazi quruluşunun dəyişdirilməsini nəzərdə tutan təklifdir. Kiçik rayonları birləşdirib, ən uzağı 10 civarında vilayət yaratmağı nəzərdə tutan təklifdə vurğulanır ki, bu vilayətlərin inzibati mərkəzlərinə böyük şəhər statusu verilməlidir.
Daha bir təklifdə isə deyilir ki, bələdiyyə sistemi əvvəlki qaydada fəaliyyət göstərməməli, yeni parlament bələdiyyələrin səlahiyyətlərinin artırılması üçün qanun da qəbul etməlidir. Bu qədər xərclə bələdiyyə seçkiləri keçirilirsə, bu sistemi məhdud səlahiyyətlərindən, icra hakimiyyəti tabeçilyindən çıxarmaq lazımdır. Kifayət qədər ciddi və seçkili qurum olan bu sistemin işlək vəziyyətə gətirilməsi ilə qəsəbələr və kəndlərin daha da inkişafının mümkünlüyü bildirilir.
Qeyd olunan təklif və ideyalara Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc münasibət bildirib. Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, hədsiz maksimalist tələblərin müəyyən hadisələr dövründə meydana çıxması nə qədər sinxron baş versə də onların real, Azərbaycan konstitusiyası və qanunları ilə uzlaşdığını düşünmək və belə qələmə vermək olmaz: “Məsələnin bir önəmli tərəfi budur ki, şübhəsiz nəinki rayon icra hakimiyyətlərinə, eləcə də parlament, məhkəmə hakimiyyətinə bütövlükdə cəmiyyətin nəzarəti güclü olacağı təqdirdə orada fəsadlar, problemlər, sui-istifadələr də qat-qat azalmış olacaq. Bu üzdən icra hakimiyyətlərinin ləğv edilməsi ilə bağlı söylənən fikirləri qəbul etmək mümkün deyil. Məsələnin başqa bir önəmli tərəfi ondan ibarətdir ki, həqiqətən biz gələcək dövrdə daha çox buna nail ola biləcəyiksə ki, beş, on, on beş rayonda büdcədən asılılıq azaldığı səviyyədə daha çox yerli təşəbbüslər özünə meydan tapacaq. Bölgəsəl menecerlər daha çox diqqət mərkəzində olacaqlar, ölkənin kadr ehtiyatının mühüm bir hissəsi regionlarda formalaşacaq və belə olacağı təqdirdə iqtisadi asılılıqların azalması Azərbaycanın bütün coğrafiyasının proporsional inkişaf edəcəyinə şərait yaradacaq. Rayonlar arasında iqtisadi inkişaf indeksləri, reytinq göstəriciləri çıxarılacaq və hər bir rayon görəcək ki, o, başqasından real olaraq hansı parametrlər üzrə geri qalır. Məsələn, çox tənqid olunan Rusiyanın özündə bu belədir, bu halda artıq istər-istəməz həmin o idarəçilik həlqəsi özünü o tələblərə uyğunlaşdırır. Rayonlardakı bütün idarəetmə sistemi əleyhinə çağırışlar eləmək yanlışdır. Əvvəlcə sən rayonlarda hakimiyyət sistemini cəmiyyətin nəzərində formalaşdırmalısan, tanıtmalısan, sonra artıq onun üzərində daha geniş islahatlar aparıb onları millətin tələbləri həddinə gətirib çatdırmaq olar.
Hər bir məmurun fəaliyyətinə nəzarət, onların gəlir deklarasiyası, hesabatlılıq qoyulduğu təqdirdə kimsə gətirib özünü problemlərin mənbəyi səviyyəsinə çatdırmayacaq".
Bələdiyyələrin gücləndirilməsi, icra hakimiyyətlərindən daha üstün mövqeyə çıxarılması problemin həlli yoludurmu?
Zahid Oruc qeyd etdi ki, bələdiyyələr dirçəldilməlidir, gücləndirilməlidir, lakin onlar insan resursları etibarilə, bütövlükdə yerli tələblərin hamısını, səlahiyyətləri bütünlüklə öz üzərinə götürə bilməz: “Bu, qeyri-mümkündür. Həm də o biri yandan onların maliyyə mənbələri artdığı təqdirdə də bütün vəsaitlərin xərclənməsinə nəzarəti həyata keçirmək, onları effektiv çalışdırmaq o qədər asan məsələ deyil. Qərb ölkələri bu yolu yüz illər ərzində keçiblər. Türkiyə nümunəsi də bir xeyli fərqlidir. Ona görə də mən bu gün məsələyə daha realist baxmağın tərəfindəyəm. Şübhəsiz ki, bələdiyyələrin bir qədər güclənməsi, imkanlarının artması yerlərdə durumu müəyyən qədər dəyişər və hökumətin yükünü də azaltmış olar”. (Yeni Müsavat)


