“Maşın bazarların köçürülməsi və yeni yerlərdə formalaşdırılması məsələsi son dövrlərdə aktual mövzulardan birinə çevrilib”.
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O qeyd edib ki, xüsusilə də maşın bazarının Ağdama köçürülməsi məsələsi çox müzakirə olunur:
“Bu addımı yüksək qiymətləndirirəm və alqışlayıram. Çünki bu, təkcə iqtisadi deyil, həm də strateji və ideoloji baxımdan önəmli qərardır. Yeni bazar yalnız bir ərazi dəyişikliyi ilə məhdudlaşmamalı, tam funksional və infrastruktur baxımından əsaslandırılmış şəkildə qurulmalıdır.
Yəni, burada nəqliyyat xidmətləri, avtomobil sığortası, təmir sahələri, texniki baxış mərkəzləri, naviqasiya sistemi və geniş yollar da nəzərdə tutulmalıdır.
Bakıdakı maşın bazarının Ağdama köçürülməsi şəhərdə tıxacın azalmasına müəyyən qədər təsir edə bilər. Çünki bazarın yerləşdiyi ərazi günün müəyyən saatlarında çoxsaylı avtomobil hərəkətini cəlb edir və yol hərəkətini yavaşladır.
Bazar köçürüldükdə həmin axın azalacaq və yol qovşaqlarında sıxlıq yüngülləşəcək. Lakin tıxacın tam aradan qalxması üçün yalnız bazarın köçürülməsi kifayət deyil”.
Leyla Turan Demokrat.az


