Maliyyə Özəl

Borcalanların nəzərinə: Kredit alışı zamanı hüquqlarınız belə pozulur

Borcalanların nəzərinə: Kredit alışı zamanı hüquqlarınız belə pozulur

"İstehlak kreditlərinin və biznes kreditlərinin verilməsində banklarla müştərilər arasında müqavilələr bağlanır. Bu müqavilələrdə bütün şərtlər göstərilir, lakin problem ondadır ki, müqavilələr çox uzun və kiçik şriflərlə hazırlanır, və kredit alan şəxslər çox vaxt onları oxumadan imzalayır. Nəticədə sonradan yaranan problemlərdə hüquqi müdafiə çətinləşir".

Bunu Demokrat.az-a açıqlamasında vəkil Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə buna dair ciddi tələblər var:

"Müqavilələrdə şrift ölçüsü aydın göstərilməli, bütün əsas məqamlar kredit götürən şəxsə izah olunmalıdır. Azərbaycanda isə müqavilələr çox vaxt "Times New Roman" 4 ölçülü şriftdə yazılır və müştəri onu oxumadan imzalayır. Məhkəmələrdə isə, adətən, banklar qalib gəlir, çünki müqavilələrdə faizlər göstərilir. Yəni tərəf əvvəlcədən bu ağır şərtlərlə razılaşır. Müqavilələr azadlığı prinsipi baxımdan məhkəmələ başqa qərar çıxara bilmir".

Ekspert hesab edir ki, müqavilələrin mətni, istifadə olunan şrift ölçüləri və digər şərtlərə dair tənzimləmə olmalıdır:

"Banklar bu qaydaları pozduqda məsuliyyət daşımalı, faizlərlə bağlı həddlər müəyyən edilməlidir. Bu tənzimləmə olmadığı halda, problemli kreditlərin sayı durmadan artır və ölkədə sosial narazılıq yarada biləcək bir elementə çevrilir".

Onun sözlərinə görə, bir dəfə dövlət, prezidentin qərarı ilə qeyri-bank üsulu ilə bu problemi həll edib və borclar dövlət büdcəsi hesabına bağlanıb:

"Lakin bu hər zaman mümkün deyil. Ona görə də, bu sahədə ciddi və davamlı tənzimləmə olarsa, həm kredit alanların hüquqları qorunmuş olar, həm də problemli kreditlərin sayı azalar".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova