Kriminal Özəl

Göyçayda 37 yaşlı kişi arvadına xəsarət yetirdi

Göyçayda 37 yaşlı kişi arvadına xəsarət yetirdi

Göyçay rayonunda 37 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 10-da rayonun kəndlərindən birində baş verib. 1988-ci il təvəllüdlü Telman Qasımov həmin gün saat 21 radələrində arvadı İlhamə (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evdə olarkən aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb.

Bu zaman Telman Qasımov yumruğu ilə bir dəfə arvadının sol göz ətrafı nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən T. Qasımovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı İlhamə ilə 14 ildir rəsmi qaydada evlidir və iki azyaşlı övladları var: “İlhamə ilə evləndiyimiz gündən bəri bizim evində yaşayırıq. Martın 10-da, saat 21 radələrində fəhlə olaraq işlədiyim yerdən çıxaraq yaşadığım evə gəldim. Həmin gün çox işlədiyim üçün yorğun və əsəbi olmuşam. Evə çatdıqda övladlarımın evdə olmadığını, anasıgilə qonaq getdiyini, həmçinin arvadımın yemək üçün heçnə bişirmədiyini, yeməyə sadəcə olaraq əvvəlki gündən bişmiş kartof olduğunu gördüm. Evə yorğun və ac gəldiyim üçün buna əsəbləşdim və arvadıma irad bildirərək normal yemək bişirə bilmədiyini, ancaq anasının yanına getməyi, anası ilə qeybət qırmağı bacardığını bildirdim. Cavabında isə arvadım mənə acıqlı cavab verdi, bişirməyə guya heçnə almadığını, aldığı ərzaqlara uyğun yemək bişirdiyini bildirdi. Mən də İlhaməyə təzəliklə evə ərzaq aldığımı deyərək yalandan bəhanə etməməsini, anasının yanına gedərək qeybət qırmaqdansa, evdə oturaraq ev işləri ilə məşğul olmasını dedim. Lakin buna baxmayaraq İlhamə mənimlə sözlü mübahisəsini davam etdirdi, mənim yaxşı kişi olmadığımı dedi. İlhamənin bu sözündən sonra bir qədər əsəbləşdim və yaşdığımız evin qonaq otağında İlhaməni bir dəfə sol gözünün üstündən vurdum. Sonra isə daha özümü cilovladım və İlhamə ilə mübahisə etməyərək evin digər otağına keçdim. Sonradan isə İlhamənin onu vurduğum üçün barəmdə polisə şikayət etdiyini öyrəndim”.

İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, Telmanla evli olduqları müddətdə hərdənbir aralarında ailədaxili mübahisələri olub: “Lakin indiyə kimi həmin mübahisələrimizi ailə daxilində həll edərək qaydasına qoymuşuq. Təxminən sonuncu hadisədən 2 ay əvvəl qardaşım Arif Bakı şəhərində həbs olundu. Qardaşım həbs olunduqdan sonra anam Mətanət Bakı şəhərindən gəldi və kənddə yaşamağa başladı. Anam kənddə tək yaşadığından və qardaşımın həbs olunmasını özünə dərd etdiyindən tez-tez onun evinə gedərək ona təsəlli olmağa çalışıram, anam ilə dərdləşmişəm”.

Zərərçəkmiş şəxs qeyd edib ki, martın 10-da, səhər saatlarında yenə də anasını ziyarət etməyə gedib: “Anamı ziyarət etdikdən sonra yaşadığım evə gəldim. Həmin gün saat 21 radələrində ərim Telman da işdən evə gəldi. Evdə bişirmək üçün heçnə olmadığından və sadəcə olaraq kartof olduğundan, məndə kartof bişirərək onun qarşısına qoydum. Lakin Telman həmin yeməyi bəyənmədi, mənimlə mübahisə etməyə başladı. Bütün günü anamən evinə getdiyimi, öz evimdə heç bir iş görmədiyimi haqsız yerə deyərək mübahisəni davam etdirdi. Halbuki öz evimdə bütün işlərimi görmüşəm, sonra anamın evinə getmişəm və evdə yemək bişirmək üçün başqa heçnə olmadığından ona görə məcbur qalaraq kartof bişirmişəm. Sonra Telman mağazaya gedərək toyuq əti aldı və evə gətirdi. Mən də həmin ətdən yemək bişirərək Telmanın qarşısına qoydum. O, yemək yeməyə başlayaraq, yenə də mənimlə sözlü mübahisəsini davam etdirdi və anamın evinə tez-tez getdiyim üçün irad bildirdi. Telmana izah etdim ki, anamın hazırda vəziyyətim yaxşı deyil, qardaşım həbs olunb, anama dəstək olmaq üçün yanına getmişəm. Lakin Telman bunu qəbul etmədi və yemək yediyi masadan qalxaraq üzərinə gəldi, mənimlə mübahisəsini davam etdirdi. Bu zaman yumruqla sol gözaltı nahiyəmdən vurdu. Bundan sonra isə gözümü tutaraq yaşadığım evdən çıxdım, anamın evinə getdim. Hazırda ərimlə barışmışam, ona qarşı tələbim yoxdur”.

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Qadın ərini bağışlayıb. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova