"Bugün dünyada texniki sahələrə, texniki fənlərə və texniki biliklərə daha çox yer verilir. Gələcək ixtisaslar daha çox humanitar deyil, texniki sahələr istiqamətində formalaşır. İnternet, kompüter texnologiyaları və bu kimi digər sahələr gündəmdə daha çox yer tutur. Bugün elmin əsas istiqamətlərinin böyük hissəsi də məhz texniki və dəqiq elmlər üzərində qurulub".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, biz də bu məsələyə diqqətlə yanaşmalıyıq:
"Azərbaycanda humanitar sahələrə meyil çox olsa da, son vaxtlar bu sahəyə marağın nisbətən azaldığını da müşahidə edirik. Azalma böyük olmasa da, müəyyən mənada tendensiya var və bu, açıq şəkildə görünür. Düşünürəm ki, biz humanitar sahələri həddindən artıq azaltmalı deyilik. Balansı qorumaq vacibdir".
Deputat deyib ki, humanitar biliklər bizə mənəvi dəyərlərimizi qorumağı, düşüncə tərzimizi formalaşdırmağı, həm də cəmiyyətin mədəni tərəflərini inkişaf etdirməyi öyrədir:
"Ona görə də bu sahədə çox kəskin azalma tərəfdarı deyiləm. Düşünürəm ki, humanitar ixtisasları radikal şəkildə azaltmaq olmaz. Biz texniki fənlərin inkişafı üçün uyğun şərait yaratmalı, digər sahələrlə balanslı şəkildə irəliləməliyik. Əsas məqsəd balansın qorunmasıdır.
Qeyd edək ki, qəbul planında humanitar ixtisaslara ayrılan yerlərin azaldılması planlaşdırılır.
Əfsanə Kamal Demokrat.az


