"İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən, əmtəələr, görülən işlər və göstərilən xidmətlər haqqında, eləcə də onların istehsalçıları, icraçıları və satıcıları barədə təmənna məqsədi ilə bilə-bilə yalan məlumatların reklamda istifadə olunmasına görə cərimə tətbiq edilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, bu maddəyə görə fiziki şəxslər üçün cərimə 200 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 800 manatdan 1200 manatadək, hüquqi şəxslər üçün isə 4000 manatdan 6000 manatadək müəyyən edilib:
"Burada əsas məqam ondan ibarətdir ki, təqdim edilən məlumatın yalan olması sübut edilməlidir. Yəni hər hansı şəxs reklam etdiyi məhsuldan özü istifadə edib-etmədiyini inkar edə və ya təsdiqləyə bilər, lakin bunun sübutu praktik olaraq mümkün olmayacaq. O, sadəcə deyə bilər ki, istifadə etmişəm və bunun reklamla bağlı heç bir hüquqi nəticəsi olmayacaq. Əsas məsuliyyət doğuran hal məhsulun xüsusiyyətləri, mənşəyi, istehsalçısı və digər məlumatlar barədə ictimaiyyətə doğru məlumat verilməsidir".
Qeyd edək ki, blogerlərin bir çox hallarda istifadə etdiyi məhsulla tövsiyə etdiyi məhsulun fərqli olması izləyicilər arasında müzakirəyə səbəb olub.
Əfsanə Kamal Demokrat.az


