“Azərbaycan Prezidentinin ABŞ-a səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu mərhələ həm 8 avqust tarixində qəbul edilən qərarlarla, həm də Ermənistan və Azərbaycan arasında sülh müzakirələrinin parapflanması ilə tarixə düşüb”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, səfər zamanı imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycan-ABŞ münasibətlərində yeni dinamikanın formalaşmasına zəmin yaradıb:
“İki tərəf arasında əməkdaşlığın 9-7-ci düzəlişi üzrə razılığın əldə olunması, eləcə də ABŞ Prezidentinin Ağ Evin rəmzi açarının (“Key to the White House”) Azərbaycana təqdim etməsi bu əlaqələrin strateji səviyyədə dərinləşdiyinin göstəricisidir. Görüşlər zamanı həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq müqaviləsinin hazırlanması məsələsi gündəmə gəlib.
Hazırda hər iki tərəf bu istiqamətdə strateji işçi qrupunun yaradılması üzərində çalışır. Bu addım gələcəkdə tərəfdaşlıq haqqında müqavilənin imzalanması üçün mühüm hazırlıq mərhələsi hesab olunur. Bu proses təkcə Azərbaycan–ABŞ münasibətləri üçün deyil, həm də bütövlükdə regionun geosiyasi kontekstində yeni keyfiyyət mərhələsinin əsasını qoya bilər.
Son günlər ABŞ siyasətçiləri də regional əməkdaşlıq formatında Azərbaycanın iştirakının vacibliyini vurğulayaraq, mövcud “beşlik” modelinin “altılı” formata çevrilə biləcəyini bildiriblər”.
Deputat fikrincə, bütün bu addımlar Azərbaycanın strateji məqsədlərinə uyğun şəkildə beynəlxalq siyasətini şaxələndirməyə xidmət edir:
“Məqsəd qlobal münasibətlər sistemində optimal tarazlıq yaratmaq, milli maraqları qorumaq və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq platforması formalaşdırmaqdır. Səfər zamanı qəbul edilən qərarlar siyasi baxımdan həm dərin məzmun daşıyır, həm də Azərbaycanın gələcək strateji istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Buna görə də bu münasibətlər təkcə bu günün deyil, həm də gələcəyin strateji tərəfdaşlığı kimi dəyərləndirilir”.
Leyla Turan Demokrat.az


