“Oğlum Həsən Nəsirzadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Jiu Jitsu üzrə Dünya Çempionatında (World Jiu Jitsu Championship – 2025) 50 kq çəki dərəcəsində dünya dördüncüsü olub”.
Bunu millət vəkili Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib.
O, oğlunun uğurlarından qürur duyduğunu bildirib:
“Oğlum yarışda Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən üç rəqibini məğlub edərək bu uğura imza atıb. Həsən Nəsirzadə həmçinin, turnirdə BƏƏ idmançılarından birini cəmi 7 saniyəyə məğlub etməklə rekord nəticə göstərib. O bu ilin fevral ayında Romada keçirilən “Grand Slam” yarışında italiyalı rəqibini məğlub edərək qızıl medal qazanıb. O, həmçinin, respublika çempionatlarının qaliblərindən biridir. Oğlumla fəxr edirəm. Artıq il ərzində iki mühüm idman yarışında bizi sevindirib. Dünya çempionatına qatılarkən demişdi ki, hər qələbəmi Zəfərimizə ithaf edəcəyəm. Bu əzmlə hər dəfə rəqibinin üzərinə gedirdi. Məqsədi dünya çempionu olmaqdır. İnanıram ki, bu istəyinə də çatacaq. Çox vətənpərvərdir.” 

Leyla Turan Demokrat.az


