Sosial Özəl

Məktəblərdə erməni dili tədris olunacaq? — AÇIQLAMA

Məktəblərdə erməni dili tədris olunacaq? — AÇIQLAMA

"Dünyanın bütün ölkələrində müxtəlif xarici dillər tədris olunur və xüsusilə qonşu dövlətlərin dillərinə üstünlük verilir. Azərbaycanda da buna ehtiyac var. Rus dili ilə yanaşı, Gürcüstan, Ermənistan, İran və Türkiyə kimi region ölkələrinin dilləri müəyyən məktəblərdə xarici dil kimi tədris oluna bilər".

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, xüsusilə də Ermənistan dili üzrə mütəxəssislərin yetişdirilməsi vacibdir:

"Ermənistanda ictimai-siyasi prosesləri izləyə bilən, media mənbələrini təhlil edə bilən, orada gedən proseslərdən xəbərdar olan insanlar bizə lazımdır. Bu, yalnız siyasi sfera üçün yox, gələcəkdə mümkün iqtisadi və ticari münasibətlər, həmçinin hərbi və kəşfiyyat fəaliyyətləri üçün də əhəmiyyətlidir".

Sosioloq qeyd edib ki, dünya təcrübəsi göstərir ki, müharibələrdə və gərginlik dövrlərində qarşı tərəfin dilini bilən kadrlara böyük ehtiyac yaranır:

"Azərbaycanda da bu istiqamətdə hazırlıq olmalıdır, amma kütləvi şəkildə yox, seçilmiş bir neçə məktəbdə və ya xüsusi sinif və kurslar səviyyəsində".

Sosioloq bildirib ki, ermənilər uzun illərdir Azərbaycan dilini öyrənir, bizim media və ictimai fikri izləyirlər:

"Bunun fonunda bizim də region ölkələrinin dillərini bilməyimiz zəruridir. Ümumiyyətlə, gənclərin müxtəlif dilləri öyrənməsinə ehtiyac var. Əsas beynəlxalq dillər — rus, ingilis, ərəb, fransız, çin və ispan dilləri mütləq tədris olunmalıdır. Bundan başqa, alman dili, fars dili, gürcü dili və erməni dili kimi region dillərinin də tədrisi faydalıdır. Qlobal inteqrasiya fonunda bu biliklər müxtəlif sahələrdə iqtisadiyyat, ticarət, təhlükəsizlik, diplomatiya və kəşfiyyatda tələb olunur".

O, bildirib ki, bu təşəbbüs geniş resurs tələb etmir:

"Beş-altı məktəbdə pilot proqram çərçivəsində və ya xüsusi kurslar şəklində həyata keçirmək mümkündür. Sadəcə müvafiq dilləri bilən bir neçə müəllim kifayətdir. Nəticədə ölkədə region dillərini bilən, strateji sahələrdə fayda verə biləcək bir mütəxəssis kadr bazası formalaşar. Bu səbəbdən belə bir təşəbbüsü tam dəstəkləmək olar".

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az