"İslahatların məqsədlərindən biri dövlət müstəqilliyinin daha da gücləndirilməsidir" — Vüsal Qasımlı

SİYASƏT 03 dek 2019, 20:27

“Strateji yol xəritələrinə uyğun olaraq, xarici şokların mənfi təsirindən uzaqlaşandan və yeni hərəkətverici iqtisadi drayverlər hesabına inkişaf xətti bərpa edildikdən sonra Prezident İlham Əliyev tərəfindən dövlət idarəetmə islahatlarının yeni səhifəsinin açılması tarixi qanunauyğunluq idi. Dövlət idadəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir".


APA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfransında bildirib.


O qeyd edib ki, Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqlənib, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub: "Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir".


V. Qasımlı bildirib ki, dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq: "Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idaəetmə islahatları, o cümlədən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaradıb. Məhkəmə hakimiyyətində aparılan islahatlar özündə elektron məhkəmənin inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasını, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsini, humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik institutunun inkişafını, məhkəmənin maddi-texniki bazasının gücləndirilməsini, məhkəmə ekspertizası işinin daha da təkmilləşdirilməsini ehtiva edir.


Hakimiyyətin icra və məhkəmə qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə davam edir. Növbədənkənar seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcək. Burada həm yeni millət vəkilləri korpusunun formalaşdırılması, həm də institutsional təkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalaşması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaq. Bələdiyyə seçkiləri isə yerli özünüidarəetmə orqanlarının yenilənməsinə dəstək olacaq".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top