Kriminal Özəl

İsmayıllıda 33 yaşlı kişi arvadını boğmaq istədi —TƏFƏRRÜAT

İsmayıllıda 33 yaşlı kişi arvadını boğmaq istədi —TƏFƏRRÜAT

İsmayıllı rayonunda 1992-ci il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 mart 2024-cü ildə baş verib. Elçin həmin gün, saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə İsmayıllı rayonunun kəndində kirayədə qaldıqları evə gəlib.

Elçin evin mətbəxində arvadı Xumar onun icazəsi olmadan tək İsmayıllı rayonunun digər kəndinə getməsini irad tutub və qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə bir dəfə onun sağ qoluna vurub.

Bundan sonra Elçin arvadını əli ilə itələyərək çarpayının üzərinə yıxıb. Onun boğaz nahiyəsindən tutaraq sıxmaqla, digər əli və ayağı ilə isə sifətindən, bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbələr endirib.

Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Xumar ilə 2016-cı ildə rəsmi nikah əsasında ailə həyatı qurub, birgə nikahdan 2017-ci il təvəllüdlü Vüsal, 2020-ci il təvəllüdlü Əsmər və 2022-ci il təvəllüdlü Mahir adlarında üç uşağı var: “Əvvəllər İsmayıllı rayonunu kəndində yaşamışam. Sonradan isə müəyyən ailə daxili mübahisələr səbəbindən İsmayıllı rayonunun digər kəndinə köçdüm və orada kirayə ev tutub yaşamağa başladıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin fevral ayının əvvəllərində işləmək üçün Bakı şəhərinə gedib: “Həmin ilin martın 5-də, günorta saatlarında Xumara zəng edərək İsmayıllı rayonuna gələcəyimi dedim. Bu zaman Xumar inkubatora yumurta vermək üçün İsmayıllı rayonu başqa bir kəndində getdiyini bildirdi. Mən Xumara məni gözləməyini desəm də, Xumar israrla yumurtaları apararaq verəcəyini bildirdi. Bu hal isə məni olduqca əsəbiləşdirdi”. Elçinin ifadəsinə görə, həmin gün saat 19 radələrində İsmayıllı rayonuna çatıb, tanımadığı kafelərin birində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlib və saat 21 radələrində arvadı Xumardan hansı səbəbdən onun sözündən çıxararaq Qurbanəfəndi kəndinə getdiyini soruşub: “Xumar isə, “əcəb eləmişəm yumurta aparıb vermişəm, pis iş görməmişəm ki?” dediyindən əsəbiləşdim. Stolun üzərindən mətbəx bıçağını götürdüm və qorxutmaq məqsədi ilə Xumara tərəf tutdum. Bu zaman Xumar hərəkətli olduğundan bıçaq onun sağ qolundan dəydi. Əsəblərim sakitləşmədiyindən Xumarın sifət nahiyəsindən də şillə ilə bir-iki dəfə vurdum. Bundan sonra evdən çölə çıxdım, bıçağı kənd ərazisində məişət tullantıları atılan qaba ataraq evə qayıtdım və yatdım. Bir müddət sonra polis əməkdaşları yaşadığım evə gəldi. Məni və Xumarı İsmayıllı rayon Mərkəzi xəstəxanasına gətirdilər. Xəstəxanada Xumara tibbi yardım göstərildi. Mən isə polis şöbəsinə gəldim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xumarın sözlərinə görə, Elçin spirtli içkilərə aludə olduğundan aralarında mütəmadi ailədaxili münaqişələr baş verib: “Bu səbəbdən İsmayıllı rayonunun kəndində yerləşən atamın evinə qayıdaraq orda qaldım. 2023-cü ilin sentyabr ayının axırlarında İsmayıllı rayonunun digər kəndində kirayə ev tutduq. Elçin azyaşlı uşaqları da gətirdi və bir yerdə yaşamağa başladıq. Buna baxmayaraq Elçin mənimlə yenə də mübahisə etməyə başladı, uşaqlarıma görə dözərək yaşadım”.

Xumar qeyd edib ki, 2024-cü ilin fevral ayının əvvəllərində Elçin işləmək üçün Bakı şəhərinə gedib və martın 3-də isə qayıdıb: “Martın 5-də, saat 21 radələrində Elçin sərxoş vəziyyətdə evə gəldi, onun icazəsi olmadan İsmayıllı rayonunun digər kəndinə inqubatora yumurta aparıb verməyimi əsas gətirərək mənimlə mübahisə etməyə başladı və stolun üzərindən mətbəx bıçağını götürərək sağ qolumdan bir dəfə vurdu. Elçin bununla kifayətlənməyərək məni çarpayının üzərinə yıxaraq boğazımdan tutdu, sonra isə əlləri ilə qolumdan sıxaraq, şillə ilə sifət nahiyəmdən, yumruq və təpiklə isə ayaq, bədən nahiyyələrimdən də bir neçə dəfə ardıcıl vurdu. Sonra isə mobil telefonu götürdüm və həyətə düşdüm. Mobil telefonu ilə yaşadığımız kəndin sahə polis nəfərinə ə zəng edərək məlumat verdim. Sonra ərizə ilə polis şöbəsinə müraciət etdim”.

Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elçinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova