Sosial

“KİVDF-nin maliyələşdirdiyi qəzetlər böyük oxucu auditoriyasını əhatə edir” - BƏHRUZ QULİYEV

“KİVDF-nin maliyələşdirdiyi qəzetlər böyük oxucu auditoriyasını əhatə edir” - BƏHRUZ QULİYEV

“Bu gün Azərbaycanda aparılan uğurlu islahatlar, eyni zamanda, mətbuata da öz təsirini göstərməkdədir. Xüsusilə, medianın inkişafı və tərəqqisi yönündə atılan hər bir addımlar bilavasitə dövlətin, cənab Prezidentin bu sahəyə göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsidir”. Sözügedən fikirləri “Səs” qəzetinin baş redaktoru, media eksperti Bəhruz Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əleyhinə qərəzli şəkildə kampaniya aparanlara münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, kimlərsə öz subyektiv fikirlərini deyə bilərlər, lakin bu o demək deyil ki, həmin şəxslər istədikləri mövzulara qərəzli yanaşma edərək, öz yanlış fikirlərini ictimai rəyə çatdırsınlar: “O da sirr deyil ki, Azərbaycan mətbuatına qarşı qarayaxma kampaniyaları aparan tərəflər var ki, onlar mediaya qarşı tənqidçi deyil, məhz təhdidçi mövqelərdə dayanıblar, ölkədə aparılan uğurlu mətbuat siyasətini hədəfə alıblar. Onlar həmin insanlardırlar ki, daim öz maddi maraqlarını güdüblər, həmin maraqlarına görə baxışlarını dəyişiblər ki, indi də bu cür məntiqsiz, reallığa söykənməyən iddialarını irəli sürməkdədirlər”.

“Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda mətbuat siyasəti dövlətin konkret proqramları ilə, cənab Prezident İlham Əliyevin şəxsi iradəsi ilə formalaşıb, eyni zamanda, Konstitusiyamızda mətbuatın fəaliyyətini tənzimıəyən müddəalar öz əksini tapıb, Qanunlar qəbul edilib, bir sözlə hüquqi baza formalaşdırılıb”, deyən baş redaktor əlavə edib ki, məhz bu baxımdan, ölkə mətbuatının inkişafı üçün dövlət başçımız tərəfindən çoxsaylı sərəncamlar verilib, Dövlət Proqramları qəbul olunub: “Onlardan biri də məhz Azərbaycan respublikası prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondudur ki, bu Fond vasitəsilə Dövlət mətbuata qayğı göstərərək, maliyyə yardımı etməklə yanaşı söz, ifadə, fikir azadlığının qorunmasına öz töhfəsini verir. Lazım gələndə isə cənab İlham Əliyev bu məsələdə də öz şəxsi iradəsini də ortaya qoyub. Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı dünya mətbuatı ilə rəqabət apara biləcək səviyyədədir”.

Ekspertə görə, indi də bəzi qruplar və buna rəvac verənlər öz şəxsi maliyyə və siyasi maraqlarını həyata keçirmək üçün Azərbaycanın ən aparıcı standartlara sahib olan mediasını hədəfə almaqla, əslində özlərini ifşa etmiş olurlar: “Amma fakt budur ki, KİVDF-ni tənqid edənlərin nə maliyyələşmə prosedurundan, nə də Fondun qoyduğu kriteriyalardan xəbərləri belə yoxdur. Yazılı mətbuata maliyyə ayrılarkən qəzetin ictimai nüfuzu, icimai şüura təsiri, oxucu auditoriyasının genişliyi, tirajı və s. nəzərə alınır. Yəni, tənqid reallığa soykənməli, obyektiv olmalıdır. Bəzi tənqidçi dairələr anlamalıdırlar ki, KİVDF tərəfindən verilən yardımlar bilavasitə medianın, o cümlədən yazılı medianın uğurlu perspektivlərini müəyyənləşdirir, həmçinin mövcud kriteriyaları önə çıxarmış olur. Bu kriteriyaların hər biri ciddi amillərə söykənir, eyni zamanda, mətbuatımızın ciddiliyini isbatlamaqdadır. Belə hesab edirəm ki, KİVD-nin də bu sahədə apardığı işlər kifayət qədər obyektiv, şəffaf və qərəzdən kənardır. Ayrılan maliyyələr də həmin amallara hesablanır, bu istiqamətlər üçün də nəzərdə tutulur. Deyərdim ki, həmin adamların qeyri-müəyyənlikləri elə yazılı mətbuata göstərdikləri yanlış baxışlarından da görünməkdədir. Əgər bu gün KİVDF hər hansı qəzetlərə maliyyə ayırmırsa, deməli həmin qəzetlər azad rəqabətə davam gətirə bilməyiblər".

Ekspert sonda onu da bildirib ki, KİVDF "SƏS" qəzetinə də maliyyə ayırır: "Bu maliyyə vasitəsi ilə biz daha çevik, operativ fəaliyyət göstərir, həmçinin etibarlı, qiymətli oxucularımızın qarşısına gündəlik saylarımızla çıxırıq, onların tələbatlarını yazılarımız, məqalələrimiz, açıqlama və şərhlərimizlə yüksək keyfiyyətlə ödəyirik. Bu səbəbdən, bəzi adamlar hər hansı fikir, rəy bildirərkən, ümumi deyil, konkret faktlara əsaslanaraq çıxış etməlidirlər ki, mən düşünmürəm onlarda belə faktlar olsun. Çünki onların etdikləri yanaşma sadəcə qərəzdən və böhtandan başqa bir şey deyil”.(sia.az)

D
demokrat.az