Qonşumuz Gürcüstanda baş verən siyasi proseslər bizim üçün də önəm daşıyır. Qafqazda sülh istəyən dövlət olaraq Azərbaycan heç bir ölkənin daxili prosesinə qarışmasa da baş verən hadisələrə qarşı lal-kar ola bilmir.
Bu gün Gürcüstanda baş verənlər regiona və ölkəyə nə vəd edir?
Siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı bu haqda Demokrat.az-a danışıb:
"Gürcüstanda bu gün baş verənlər son 3-5 ildə yaşananların davamı deyil. Daha əvvələ baxmaq lazımdır. SSRİ dağıldıqdan sonra Gürcüstanda formalaşan iqtidar müəyyən qədər balans siyasətini qoruya bilib. Həm Moskva, həm də Qərblə münasibətlərə üstünlük verirdi. Saakaşvilinin gəlməsi ilə balans pozuldu. Gürcüstan artıq Qərbə doğru meyllənməyə başladı. Bu da Rusiyada Gürcüstana qarşı münasibəti dəyişdi. Sonraki proseslərdə işğal başladı, separatizm dəstəkləndi və.s"
Politoloq bildirib ki, indiki Gürcüstan iqtidarı Azərbaycan təcrübəsini istifadə edir:
"Balans siyasəti formalaşdırmağa çalışır. Bunun üçün xeyli gec qalıblar. Gürcüstan hazırda elə bir mərhələyə qədəm qoyub ki, Rusiya ilə düşmən olmağa məcbur qalıb. Çünki ərazilərin işğalı və separatizmə dəstək birbaşa Moskva tərəfindən verilir. Ona görə də Qərbə meyilli tərəf özlərini müdafiə edə bilirlər ki, separatizmin bitməsi üçün bu vacibdir. Hazırki baş nazir də olmaqla hakimiyyət isə balanslaşdırılmış siyasət qurmaq niyyətindədir. Ona görə də ikibaşlı problem yaranıb. Məncə hazırkı Gürcüstan hakimiyyətinin alternativi yoxdur. İkibaşlı yaranan bu güc qarşıdurması davam edəcək".
Politoloq qeyd edib ki, Gürcüstandakı problemlər bir nöqtəyə çatıb həllini tapa bilməyəcək"
"Düşünürəm ki, qlobal problemlərin artdığı bir zamanda Gürcüstan tam ortada hədəf olaraq qalacaq. Rusiya və Qərb arasında 2-3- cü cəbhə açılarsa, Gürcüstan artıq poliqona çevrilə bilər. Bu problemlərin həlli üçün Gürcüstan çalışmalıdır ki, özü problemi ağrısız həll edə bilsin. Açığı hazırda elə bir yol görünmür. Onlara elə bir lider lazımdır ki, daxili fikir ayrılıqlarını həll edə bilsin. Hər kəsi bir nöqtəyə toplaya bilsin. Ancaq bundan sonra Gürcüstan müstəqil şəkildə öz xarici siyasətini yürüdə biləcək".
Mehriban Mirzəzadə Demokrat.az


