Xəbər verdiyimiz kimi, bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib. Konfransda Seneqaldan, Burkina-Fasodan, Kamerundan, Qvineya-Bisaudan, Konqo Demokratik Respublikasından, Mavritaniyadan, Zimbabvedən, Nigerdən, Fransadan və Fransanın əsarəti altında olan Mayot adasından nümayəndələr hüquqşünaslar, həmçinin QHT rəhbərləri, siyasətçilər və ekspertlər iştirak ediblər. Konfransda "Delimitasiyası olunmuş, lakin azad olmayan: Neokolonializmin Afrikada yeni təzahürləri", "Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası", "Afrikalıların kimliyin müəyyənləşdirilməsi üçün sosial və mədəni dirçəliş" mövzularında sessiyalar keçirilib.
Politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında bu cür tədbirlərin keçirilməsinin mühüm olduğunu deyib:
“Bu tədbirlər Fransanın Azərbaycana qarşı yürütdüyü siyasətə cavabdır. Qarabağ Azərbaycanın ayrılmaz hissədir, BMT səviyyəsində bu tanınır. Amma Fransa həyasızcasına Azərbaycanı Qarabağ ermənilərinə qarşı zorakılıqda ittiham edir. Özü isə min kilometrlərlə uzaq adalarda yaşayan xalqları müstəmləkəyə çevirib, haqlarını tapdalayıb, müstəqilliklərini əllərindən alıb.
Azərbaycan böyüməkdə olan dövlət olduğunu göstərir. Fransa kimi Böyük Yeddiliyə daxil olan dövlətə qarşı həmlə etmək Azərbaycanın xarici siyasətdə böyük nüfuza sahib olduğunun göstəricisidir. Azərbaycan bu siyasəti davam etdirməlidir. Nəinki ada ölkələrinə, Fransanın özündə mövcud olan Korsika xalqına azadlıq mübarizəsində dəstək verməlidir. Fransanın vilayətlərində hələ də özünü fransız hesab etməyən müxtəlif milli kimliklərə məxsus xalqlar yaşayır. Azərbaycan bu faktlardan istifadə edib Fransaya layiqli cavab verməyə davam etməlidir”.
Törə Zeynallı Demokrat.az


