“Ermənistanın Azərbaycanla şərti dövlət sərhədində, xüsusilə də Naxçıvan istiqaməti boyunca təxribatlar törədəcəyi gözlənilən idi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, son zamanlar sülh prosində müəyyən durğunluq hiss olunur:
“Ermənistan tərəfi Azərbaycanın təkliflərini hələki qəbul etməyib. Söhbət burada bizim üçün prioritet məsələlər olan konstitusiyanın və Ermənistanın müstəqilliyi haqqında bəyannamənin tərkib hissəsində yer alan qonşu ölkələrə, habelə Azərbaycan və Türkiyəyə ərazi iddialarının dəyişdirilmısi məsələsindən gedir. Bu, məsələlər Azərbaycanı narahat edir.
Rəsmi Bakı bu istiqamətdə İrəvana konkret müraciət ünvanlayıb. Ermənistan isə bunu 2026-cı ilə qədər baş tuta biləcəyini deyir. Yəni, prosesin uzadılmasını istəyir.
Əslində, təxribatların baş verməsi bu baxımdan təsadüfi deyil. Ermənistanda hazırda iki qüvvə ciddi şəkildə fəaliyyət göstərir.
Birincisi, Rusiyaya sadiq qüvvələrdir, biz bunu “beşinci kalon” adlandırırıq.
İkincisi, Avropa İttifaqının sülhməramlı missiyasıdır, ABŞ-ın xüsusi təyinatlı qüvvələri və Fransa Jandarma qüvvələridir ki, bunlar Qərb qüvvələri sayılır. Bu iki qüvvə arasında Ermənistanda nüfuz mübarizəsi gedir.
Onu da qeyd etmək lazımdır ki, həm Rusiyaya sadiq hərbçilər, həm də ABŞ-ın son zamanlar təlim keçdiyi komandalar şərti dövlət sərhədində təxribatların baş verməsinə təlimat verə bilər. Bu proseslərin təməlində dayanan səbəb Ermənistandakı ABŞ, Rusiya çəkişməsi olsa da, bu çəkişmə fonunda Azərbaycan və Ermənistanı qarşı-qarşıya gətirilməyə çalışılır. Bununla da sülh prosesinə əngəl olunaraq, regionda gərginlik artırıla bilər. Burada həm ABŞ, həm də Rusiyanın özü də maraqlı ola bilər. Bu məsələdə konkret fikir demək çətindir. Ermənistanın özü də vəziyyətdən istifadə edir və gərginliyi artıraraq sülh prosesini bir qədər artırmağa çalışır. Çünki Ermənistan bizimlə müharibə aparacaq gücdə deyil. Son zamanlar bir qədər silah-sursat alsalar da, bunları istifadə edəcək canlı qüvvəsi yoxdur. Bütün bunlar ona deməyə əsas verir ki, Ermənistanın niyəti də müharibə etmək deyil, sadəcə mövcud vəziyyətdən istifadə etməyə çalışır. Bir növ Azərbaycanı çəkindirməyə çalışır ki, baxın, ölkəmizdə müəyyən qüvvələr var və biz bunları lazım gələrsə, döyüşlərdə istifadə edə bilərik. Aydın məsələdir ki, gərginlik fonunda belə bir hadisə baş verməyəcək. Əgər belə təxribatlar çoxalarsa, Azərbaycanda lazımı cavab verməyə hazırdır”.
Mehriban Mirzəzadə Demokrat.az


