Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Mübariz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı həyat yoldaşı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 21-də baş verib. Mübariz həmin gün saat 12 radələrində qeyri-rəsmi nikahda yaşadığı Kəmalənin onunla birlikdə gəzintiyə getməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən onun baş və bədən nahiyələrinə yumruqla, təpiklə, taxta parçası ilə müxtəlif zərbələr vurub.
Daha sonra Mübariz üzərində olan istintaqa məlum olmayan deşici-kəsici alətlə Kəmalənin sol ayağından 1 dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Kəmalə ilə 6 il bundan əvvəl qeyri-rəsmi nigahla ailə qurub və birgə nigahlarından 5 yaşlı övladları olan Ramin dünyaya gəlib:
“Kəmalə ilə ailə qurandan sonra dəfələrlə onunla aramızda söz-söhbətlər olub. 21 avqust 2023-cü ildə, saat təxminən 12 radələrində oğlum Ramili gəzəməyə aparmaq üçün getdim. Bu zaman Kəmalənin qohumu Gülşən ilə qonaq otağında əyləşərək söhbət etdiyini gördüm. Kəmaləyə oğlum Ramilin paltarını geyindirməsini və onu gəzməyə aparmaq istədiyimi bildirdim. Bu zaman Kəmalə uşağın paltarını geyindirdi. Mən Kəmaləyə bizimlə getməyi təklifv etdim. Kəmalə mənimlə getməyə etiraz etdiyi üçün aramızda söz mübahisəsi yarandığından onun üzərinə gədərək təpik və yumruq zərbələri ilə onun baş və bədənin müxtəlif nahiyələrinə zərbələr endirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bunun nəticəsində Kəmalə müvazinətini itirərək yerə yıxılıb:
“Bu zaman taxta materiallı pol taxtasını götürərək onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başladım. Mən Kəmaləni döyən zaman uca səslə qışqıraraq ünvanıma nalayiq küçə söyüşləri söydüyü üçün daha da əsəbləşdim.
Sonra sağ əlim ilə bel nahiyəmdə gizlətdiyim cib bıçağını çıxararaq Kəmalənin sol baldırına bir bıçaq zərbəsi vurdum. Evdən həyətə çıxaraq oğlum Ramili də götürərək oradan getdim. Kəmaləyə xəsarət yetirdiyim bıçağı isə hadisədən sonra gecə vaxtı Abşeron rayonu, Məmmədli kəndində xatırlamadığım yol kənarına atdım. Törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Təqsirləndirilən şəxs ilə 6 il bundan əvvəl qeyri-rəsmi nigahla ailə qurmuş və birgə nigahlarından 5 yaşlı oğlu Ramil dünyaya gəlib:
“Mübariz ilə ailə qurandan təxminən 5 ay sonra narkotik istifadə etməyə başladı və buna görə də aramızda söz-söhbətlər olurdu. Mən həmişə Mübarizə narkotikdən istifadə etməyi tərgitməsini bildirirmişəm”.
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin martında Mübariz onun sol əlinə bıçaqla zərbə vurduğu üçün onun şikayəti əsasında Sabunçu rayon Polis İdarəsi tərəfindən tutulub:
“2023-cü ilin iyun ayında Mübariz Cəza Çəkmə Müəssisəsində azadlığa buraxıldıqdan sonra mən onunla barışdım. Onunla birlikdə yaşamağa başladım. Müəyyən vaxt keçdikdən sonra düşündüm ki, Mübariz narkotik vasitələrdən istifadə etməyi tərgidib. Lakin o, əksinə olaraq daha da pis vəziyyətə düşdü.
Mütəmadi olaraq narkotik vasitə olan "patı” kimi eşitdiyi psixotrop maddə qəbul edərək evdə səbəbsiz söz söhbətlər yaradaraq mənim və ailə üzvlərimin ünvanına, o cümlədən azyaşlı oğlum Ramili də nalayiq küçə söyüşləri ilə söyüb təhqir edirdi. Bu səbəbdən də mən Mübarizdən ayrılmaq qərarına gəldim. Evdə olan zaman Mübariz ilə oturub söhbət etdim. Ona dedim ki, xoşluqla ayrılaq. Lakin Mübariz məndən əl çəkməyəcəyini bildirdi”.
Kəmalənin ifadəsinə görə, avqustun 19-da oğlu Raminin ad gününü Mübariz təbrik etməyib:
“Avqustun 21-də oğlum Ramil və qohumum Gülşən ilə qonaq otağında əyləşmişdik. Həmin gün saat 12 radələrində Mübariz yaşadığım evə gələrək “mənə uşağımı ver aparım” dedi. Bu zaman oğlum Ramilin paltarlarını geyindirdim və ona “götür apar" dedi. Mübariz mənə “səndə mənimlə getməlisən” dedi.
Mən isə ona “mən səninlə getmirəm” dedim. Bu zaman Ramil üzərimə gəldi, təpiklə sifətimə vurdu. Mən də dərhal zərbənin nəticəsindən yerə yıxıldım. Yerdə olan zaman Mübariz məni taxta materiallı pol taxtasıyla, təpiklə və yumruq zərbələri ilə baş, bədənimin müxtəlif nahiyyələrinə zərbələr vurmağa başladı. Mübariz məni döyən zaman qışqırmağa başladım. Mübariz daha da əsəbləşərək aqressiv hərəkətlər etdi. Məni daha da qəzəbli döyməyə başladı.
Mübariz məni döydükdən sonra sağ əli ilə bel nahiyəsində gizlətdiyi cib bıçağını çıxararaq sol baldırıma bir bıçaq zərbəsi vurdu. Mənim ayağımdan qan gəlməyə başladıqda isə Mübariz qanı gördü. Evdən həyətə çıxaraq oğlum Ramili də götürərək oradan getdi. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Səhiyyə Nazirliyinin “103” qaynar xəttinə zəng vuraraq baş vermiş hadisə barəsində məlumat verdim. Həkimlər evimə gələrək məni təcili tibbi yardım maşını vasitəsilə 3 saylı şəhər kilinik xəstəxanasına apardı və sol baldır nahiyəmə 3 tikiş vuraraq cərrahi əməliyyat etdilər”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mübariz 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


