“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri əslində gözlənilən səfər idi. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında son illərdə xüsusilə münasibətlərin inkişaf etdiyinin şahidi oluruq”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Turan Rzayev deyib.
O bildirib ki, ümumiyyətlə, Mərkəzi Asiya Azərbaycana hər zaman doğma region olub və bu region ölkələri ilə də rəsmi Bakının münasibətləri hər zaman istidir:
“Biz bu ölkələrlə həm keçmiş Sovet İttifaqı dövründən, həm də müasir dövrdə çoxsahəli əlaqələrə malik olmuşuq. Söhbət iqtisadi, siyasi, hərbi və diplomatik sahədə aparılan əməkdaşlıqdan gedir.
Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatında da bu ölkələrlə birlikdədir və şübhəsiz ki, Azərbaycan Mərkəzi Asiyanın “parlayan ulduzu” adlandırılan Özbəkistanla münasibətlərə önəmli dərəcədə fikir verir. Özbəkistanın yerləşdiyi strateji məkan olduqca vacibdir. Azərbaycanın Çinlə münasibətlərinin yaxşı olduğunu nəzərə alsaq, deyə bilərik ki, rəsmi Bakı Özbəkistanla münasibətlərini həm ikitərəfli, həm də Çinlə münasibətlər kontekstində önəm verir.
Ümumilikdə, bu səfərdən gözlənti daha çox yeni sazişlərin imzalanması, hətta Özbəkistanda yeni strateji tərəfdaşlığın imzalanması mümkün ola bilər.
Ümumiyyətlə, Azərbaycan hazırda Avropaya qaz nəql edən ölkədir və mövcud qaz potensialımız, yəni resurslarımız Avropanın tələblərini tam qarşılamır.
Eyni zamanda, mövcud infrastruktur Avropanın tələblərinə hələlik tam uyğun deyil. Azərbaycan öz potensialına əlavə qonşu ölkələrin və regiondakı zəngin ölkələrin potensialından istifadə edərək Avropaya nəql etməyi, həm də tranzit ölkə olmağı planlaşdırır.
Hesab edirəm ki, burada həm də biz Özbəkistanın təbii resurslarını, yanacaq resurslarının Azərbaycan üzərindən nəqlindən danışa bilərik. Transxəzər layihəsinin icrası fonunda Özbəkistanın neft və qazının Avropa bazarına nəqli, Azərbaycan üzərindən tranzit keçidlər mümkündür. Daha sonra da bunun TAP və TANAP layihəsinə qoşulması ilə Avropa bazarına çıxarıla bilər”.
Mehriban Mirzəzadə Demokrat.az


