Yararsız kənd təsərrüfatı texnikaları yollarda təhlükəyə səbəb olur – XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. BDYPİ-in müraciətində qeyd edilib ki, hazırda mövsümlə əlaqədar əkin-biçin işləri sürətlənib. Yol Polisi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, sürücüləri məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırıb, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyi diqqətə çatdırılıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları avtomobil yollarında hərəkət edir.
Onun sözlərinə görə, kənd təsərrüfatı texnikalarının magistral yollarda hərəkətini şərtləndirən müəyyən amillər var:
“Həmin qaydalar əsasında texnikalar hərəkət etməlidir. Xüsusən də magistral yollarda sutkanın qaranlıq vaxtı kənd təsərrüfatı texnikalarının hərəkəti qəza şəraiti yarada bilər. Təəssüf ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə daşımalar həyata keçirilir. Bu həm sürücünün özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə törədir.
Bundan başqa, ot kütləsi, müxtəlif növ məhsullar qablaşdırılmadan, çəki və ölçü parametrlərinə diqqət edilmədən daşınır. Bu da ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə gətirib çıxara bilər. Buna görə də Baş Dövlət Yol Polisi öncədən xəbərdarlıq edir ki, baş verə biləcək bədbəxt hadisələrin qarşısı alınsın, sürücülər və kənd təsərrüfatı ilə məşğul olan ayrı-ayrı şəxslər daha diqqətli olsunlar”.
Törə Zeynallı Demokrat.az


