Sosial Özəl

"Ərazinin coğrafi mövqeyi öyrənilməlidir"— Ekspert tikinti normalarından DANIŞDI

Ərazinin coğrafi mövqeyi öyrənilməlidir— Ekspert tikinti normalarından DANIŞDI

Sabirabad rayonunda hovuzun uçması nəticəsində qadın dünyasını dəyişib. 1959-cu il təvəllüdlü Xuraman Hüseynova evinin həyətində tikintisi iki gündür başa çatan hovuzun uçması nəticəsində dağıntılar altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə istər evlərin tikintisi, istər tikinti zamanı əlavə konstruksiyaların, qurğuların – qaraj, hovuz və ya digər yardımçı tikililərin inşası ixtisaslaşmış müəssisə tərəfindən aparılmalıdır. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, bu, gələcəkdə hər hansı uçma, dağılma hadisəsindən sığortalanmaq üçün vacibdir:

“Keyfiyyətli tikinti materiallarından, sertifikasiyası olan məhsullardan istifadə etmək lazımdır. Belə olan halda hər hansı bədbəxt hadisənin baş vermə ehtimalı minimuma enir. Əfsuslar olsun ki, insanlar bəzən özləri tikinti işləri ilə məşğul olur və ya bir neçə il təcrübəsi olan təsadüfi şəxslərə həvalə edirlər tikintini. Tikintidə normal və standartlara uyğun layihələndirmə həyata keçirilməlidir, əks halda dağılma, uçma ehtimalı yüksək olur. Tikinti zamanı ərazinin yerləşdiyi yerin coğrafi mövqeyi öyrənilməli, geoloji tədqiqat işləri aparılmalı, torpağın süxurlarından çınqıl, gil, qumdan nümunələr götürülməli, tikinti işlərinin hansı formada aparılmalı olduğu aydınlaşdırılmalıdır. Amma fərdi qaydada tikinti işləri aparılarkən tikinti norma və standartları gözlənilmir, gələcəkdə də bədbəxt hadisələrin baş verməsinə zəmin yaranır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova