Artıq bir çox universitetlərdə qiyabi təhsil ləğv edilir. Təbii ki, bu bəzi tələbələri sevindirsə də, uzaqda yaşayan, işləmək istəyən bəzi tələbələr üçün heç də sevindirici xəbər deyil. Qiyabi təhsilin ləğvi onların gələcəyi üçün problem yarada bilər. Bəs belə olduqda tələbələr nə etməlidir? Qiyabi təhsil niyə görə ləğv edilir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimli deyib ki, bəzi universitetlərdə qiyabi təhsil ləğv edilib, amma bu hamısına şamil edilmir:
“Bir çox universitetlərdə qiyabi təhsil mövcuddur. O ixtisaslarda qiyabi təhsil ləğv edilib ki, onlar daha çox praktiki biliklərin əldə edilməsi, kimya, kimya müəllimliyi, ekologiya, tibb sahəsi və müəllimlik sahəsidir. Bu isə artıq xeyli vaxtdır ləğv edilib.

Əslində distant təhsilə biz çoxdan keçməli idik. “Covid-19” pandemiyası dönəmində 2-3 semestr təhsil distant formada davam etsə belə , yenidən fiziki təhsilə qayıtdıq. COP29 dönəmində yenidən təhsil iki həftəlik Bakı və Sumqayıtda distant təhsil formasında olacaq. Düşünürəm ki, biz bu kimi sistemlərdən təcrübə toplamalıyıq, distant təhsilin alt sənədlərini hazırlamalıyıq. Təcili olaraq distant təhsilə keçid labüddür. Çünki əksər insanlar əlavə pul xərcləmək istəmir. Bu əslində digər bir məsələdə şəhərdə sıxlığı aradan qaldıra bilər. İnsanlara eyni zamanda həm işləmək, həm də oxumaq imkanı yarada bilər. Demək olar ki, bütün dünya ölkələri bunu illərdir ki, tətbiq edir. Biz isə bu məsələdə çox geridə qalırıq”.
Mehriban Mirzəzadə Demokrat.az


