Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkədə bir sıra məhdudiyyətlər tətbiq edilib. Universitetlər distant təhsilə keçir, məktəblərdə payız tətilinin müddəti uzanır, şadlıq evlərinin fəaliyyəti müvəqqəti dayandırılır. On minlərlə xarici qonağın iştirak edəcəyi tədbirin miqyasını nəzərə alsaq, bölgələrdən avtomobillərin paytaxta girişi də məhdudlaşdırıla bilərmi?
Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi mühümdür və bunun üçün şəhərdə münbit şəraitin yaradılması vacibdir:

“Vacib alternativlərdən biri də şəhərə daxil olacaq nəqliyyat vasitələrinin sayının minimuma endirilməsidir. Nəinki rayon qeydiyyatlı avtomobillərin şəhərə girişini məhdudlaşdırmaq, həmçinin tətillərin müddətini uzatmaqla insanların nəqliyyat vasitələrindən daha az istifadə etməsinə nail olmaq olar. Tədbir ərəfəsində və keçirildiyi günlərdə paytaxtda şəxsi nəqliyyat vasitələrindən daha az istifadə olunsa, yaxşı olar, üstünlük ictimai nəqliyyata verilməlidir. Rayon qeydiyyatlı avtomobillərin paytaxta girişinin məhdudlaşdırılması praktikada var idi, xüsusən də pandemiya zamanı. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq idman yarışları zamanı da belə məhdudiyyətlər tətbiq edildi, indi də belə ehtimal var”.
Törə Zeynallı Demokrat.az


