Kriminal Özəl

Qız anasına xəsarət yetirdi

Qız anasına xəsarət yetirdi

Sumqayıt şəhərində 1971-ci il təvəllüdlü Nazilə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Aynurəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən mənzillərdən birində baş verib. Nazilə həmin mənzildə anası Aynurə ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı onun qəsdən göz nahiyyəsinə yumruq zərbəsi vurub. Anasına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Nazilənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası Aynurə və oğlu ilə birlikdə yaşayır: “Mən hadisədən əvvəl işlədiyim zavoddan məzuniyyətə çıxmışdım. Məzuniyyətimi evdə keçirdim. Hadisə günü evin mətbəxində anam ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı anam ünvanıma nalayiq ifadələr işlətdi. Mən də bundan əsəbləşərək ilk öncə anamın saçından tutaraq yoldum. Daha sonra isə yumruq zərbəsilə sol qaş nahiyyəsinə vurdum. Mübahisə bitdikdən sonra anam evi tərk etdi”.

İş üzrə zərərçəkmiş Aynurənin sözlərinə görə, hadisədən əvvəl qızı Nazilə əmək məzuniyyətinə çıxıb və evdə olub: “Hadisə günü saat 10 radələrində evdə qızım mənə məzuniyyətinin 10 gün uzadıldığını dedi. Bu zaman məzuniyyətinin uzadılması və maaş ala bilməməsi ilə bağlı ona irad tutdum. Bu zaman Nazilə əsəbləşərək əcəb etdiyini deyərək üzərimə gəldi. Bundan sonra yaşadığımız evin mətbəxində saçımdan tutaraq yoldu. Sonra başımı divara, bundan sonra sol gözümdən yumruq zərbəsilə vurdu. Bundan sonra evdən çölə çıxdım. Dava-dalaş təxminən 5-10 dəqiqə davam etdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nazilənin barəsində olan cinayət təqibinə xitaç verilib. O, cinayət məsuluyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova