Gündəm Özəl

“Pezeşkian sadəcə olaraq müvəqqəti vitrin dəyişikliyidir” — ŞƏRH

“Pezeşkian sadəcə olaraq müvəqqəti vitrin dəyişikliyidir” — ŞƏRH

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan İrana yeni prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəlib. İranın ali lideri Əli Xamenei Tehranda Paşinyanla görüşündə “İran hələ də hesab edir ki, Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir” deyib. O, Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək.

Bəs, Xameneinin narahatlığı daha çox nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, bütün bunlar İranın regional siyasətinin dəyişmədiyini, öz geopolitik hədəflərinə sadiq olduğunu bir daha nümayiş etdirir.

Turab Rzayev qeyd edib ki, yeni seçilən prezident sadəcə olaraq müvəqqəti vitrin dəyişikliyidir:

Pezeşkianın seçilməsi ilə İran hakimiyyəti həm ordakı azərbaycanlı türk əhaliyə yaxın olduğunu göstərmək istəyir, həm də onlarda özünə qarşı bir simpatiya yaratmağa çalışır. Əslində isə ardıcıl verilən açıqlamalar əksini sübut edir. Yəni bundan əvvəl İranın Ermənistandakı səfiri açıqlama verdi ki, ermənilər Qarabağa qayıtmalıdır. Daha sonra İrandan fərqli açıqlamalar verildi. İndi də bu sübut edir ki, İran öz siyasətindən əl çəkməyib və yürütdüyü siyasət yenə Ermənistanı dəstəkləməyə və Azərbaycanın əleyhinə yönəlib.

Ermənistanın ərazi bütövlüyü məsələsi ilə bağlı əslində bu məsələni qabartmaq özü çox qəribədir. Çünki, Azərbaycan hər hansı bir şəkildə Ermənistanın ərazi bütövlüyünə müdaxilə edəcəyini və belə bir niyyətdə olduğunu bildirmir. Tam əksinə biz həmişə sülh proqramına, planlarına sadiq olduğumuzu bildirmişik. Zəngəzur məsələsinə gəlincə, əlbəttə ki, bu dəhliz açılsa, Ermənistana çox böyük fayda verər.

Faktiki olaraq, Ermənistan dalan bir dovlətə çevrilib. Demək olar ki, Ermənistan bütün regional proyektlərdən kənarda qalıb. Bunlara nəqliyyat layihələri, dəmiryolu layihələri, neft-qaz tranzit kəmərləri, hətta elektrik xətləri aiddir. Zəngəzur dəhlizinin açılması bizdən çox Ermənistana lazımdır. ABŞ dövlət deparmentinin rəsmisi açıq şəkildə bildirmişdir ki, biz istəyirik Azərbaycana, Türkiyəyə gedəcək yol Zəngəzurdan yox, birbaşa İrəvandan keçsin. Bu yol əslində Ermənistan və onun iqtisadiyyatına lazımdır. Elə bu günlərdə Ermənistan rəhbərliyi Türkiyə ilə sərhəddə görüş keçirmişdi. Burada sərhədlərin açılması, Türkiyə ilə ticarət yollarının bərpa olunması müzakirə olundu. Bu yollar Azərbaycan ilə də bərpa olunmayacaqsa, o zaman Ermənistan bundan tam pay götürə bilməyəcək. İranın bu məsələdə istəyi başqadır. İran Ermənistan ilə yeganə sərhədini itirmək istəmir. İran bu sərhədi həm də ki, Avropa ilə sərhəd kimi görür. İran düşünür ki, bu sərhədi itirsə, İrana zərbə ola bilər. Əslində İranın Zəngəzur dəhlizi ilə bağlı narazılığı daha çox bununla bağlıdır”.

Zəhra Məmmədova Demokrat.az

NE
Nihadə Eyyubova