Dünya Özəl

“Rusiya Bəşər Əsəd rejiminin əsas müttəfiqidir” — Politoloq

“Rusiya Bəşər Əsəd rejiminin əsas müttəfiqidir” — Politoloq

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Bildirilib ki, Putin Əsədlə bölgədəki vəziyyəti, Suriya məsələsini və ticarət-iqtisadi əlaqələri müzakirə edəcək. Son zamanlar Türkiyədə suriyalılara qarşı artan reaksiyalardan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında yayılan görüş xəbəri Türkiyə tərəfindən radikal şəkildə təkzib edildi.

Bəs, Putinin Əsədlə görüşməsinin əsas səbəbi nədir?

Mövzu il bağlı Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, Bəşər Əsəd rejiminin əsas müttəfiqi Rusiyadır.

Turab Rzayev qeyd edib ki, Rusiya Suriya üzərindən İrasilə qarşı çıxış əldə edə bilir.

“Rusiyanı Bəşər Əsəd rejiminin birinci dərəcəli müttəfiqi adlandıra bilərik. Hazırda ölkələrin böyük əksəriyyətində Suriya hökuməti ya legitim hakimiyyət kimi qəbul olunmur, ya tanınmır, ya da dəstək ala bilmir. Əsasən, Çin və İran tərəfindən dəstəklənir. Ona görə Bəşər Əsədin Rusiyada Putin ilə görüşməsindən daha təbii nəsə ola bilməzdi.

Bundan başqa nəzərə almaq lazımdır ki, Bəşər Əsəd çox ölkəyə səfər edə bilmir. Onun haqqında hətta həbs qərarı verən ölkələr də var. Eyni zamanda, Putin də Ukrayna müharibəsindən sonra xarici ölkələrə səfər edə bilmir. Bu səbəbdən hər iki tərəf bu görüşün keçirilməsində maraqlı olub. Başqa bir məqam indiki halda diqqəti Ukrayna müharibəsindən yayındırmaq ola bilər. Rusiya Yaxın Şərqdəki münaqişəni alovlandırmağa çalışır. Fələstin-İsrail müharibəsi olsun, HƏMAS hücumları olsun və s. bunlar böyük ehtimal İran və Rusiya tərəfindən dəstəklənmişdi. İndi də İran ilə İsrail arasında yeni bir münaqişə başlayır. İsrail Livanı bombardman edib.

Bundan başqa, son dönəmlər Bəşər Əsəd Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Bununla bağlı əvvəllər ilkin şərt qoymuşdu ki, Türkiyə ordusu Suriyadan çıxmalıdır. Düşünürəm ki, belə ilkin şərt qoymasa, o zaman Türkiyə ilə Suriya arasında münasibətlər normallaşa bilər. Baxmayaraq ki, Türkiyədə suriyalı miqrantlara qarşı münasibət birmənalı deyil. Bununla bağlı narazılıq günü gündən artır. Amma Suriya hökuməti ilə Türkiyə arasında münasibətlərin normallaşması mümkündür. Suriyalı əhalinin ən azından böyük bir hissəsinin geriyə qaytarılması məsələsi və Eyni zamanda, Türkiyə ilə Suriya arasında iqtisadi-siyasi münasibətlərin bərpa edilməsi müzakirə edilə bilər”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova