Siyasət Özəl

Politoloq: “Avropa İttifaqının Ermənistana ayırdığı maliyyə elə də böyük deyil”

Politoloq: “Avropa İttifaqının Ermənistana ayırdığı maliyyə elə də böyük deyil”

““Avropa İttifaqı Şurasının Ermənistana ayırdığı maliyyə elə də böyük deyil. Yəni bu, Ermənistan ordusunu gücləndirəcək səviyyədə ola bilməz. Ancaq hər bir halda məsələnin müəyyən geosiyasi tərəfləri və bundan qaynaqlanan maraqlar var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O söyləyib ki, Aİ bir tərəfdən Ermənistanı öz yanına çəkərək Rusiyadan uzaqlaşdırmaq, digər tərəfdən də Azərbaycanı ram etmək siyasəti yürüdür:

“Azərbaycan xarici siyasətində heç bir güc mərkəzinə yaxınlaşmır, müstəqil iradə nümayiş etdirir, balans yaratmağa çalışır. Azərbaycan gələcəkdə öz maraqlarını təmin edən yeni bir güc mərkəzi formalaşdırmaqda maraqlıdır, bu da türk dövlətləri birliyidir.

Düşünmürəm ki, Azərbaycan Aİ-nin Ermənistana yardım etməsini əsas gətirib təşkilatla münasibətlərini korlasın. Çünki Azərbaycanın Aİ məkanında geosiyasi maraqları var. AŞPA-da səsvermə hüququndan məhrum edildikdən sora da Aİ ilə münasibətlər korlanmadı. Azərbaycan maliyyə ayrılması məsələsinə öz etirazını bildirdi, amma bu, münasibətlərə təsir edəcək amil deyil. Azərbaycan dövləti qarşılıqlı maraqlara və hörmətə əsaslanaraq münasibətlərini davam etdirir”.

Qeyd edək ki, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib.

Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Həmçinin, Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova