Sosial Özəl

“Psixoloji travmalar bizi hansısa məqamda daha güclü edə bilər” — Travma, yoxsa, sarsıntı?

“Psixoloji travmalar bizi hansısa məqamda daha güclü edə bilər” — Travma, yoxsa, sarsıntı?

İnsan həyatın müəyyən dövründə psixoloji sarsıntılar yaşayır, hətta travmalarla üzləşir. Travma sözü ilə son vaxtlarda tez-tez qarşılaşırıq. Yaşadığı bədbəxt hadisələr insanda travma yarada bilər. Amma gəlin, baxaq, hər bədbəxt hadisə nəticəsində yaşadığımız travmadırmı?

Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "ALTER" Psixologiya və Təlim mərkəzinin təsisçisi və direktoru psixoloq Əli Xəlilov travmanın əslində nə olduğuna Demokrat.az-a açıqlamasında aydınlıq gətirib:

“Son zamanlar travma sözü yeddidən yetmiş yeddiyə hər kəsin dilində əzbərə çevrilib. Psixoloji travma insanın psixologiyasında dərin izlər buraxa biləcək emosional sarsıntılar, təsiredici hadisələr toplusudur. Əgər hadisənin təsiri bir müddət sonra keçirsə, insan onu eyni hiss və duyğularla xatırlamırsa, demək psixologiyası həmin mənfi duyğuların öhdəsindən gələ bilib. Buna travma deyə bilmərik. Narahatlığın dərəcəsi var. Əgər bədbəxt hadisə nəticəsində yaranan mənfi hisslər sorakı dövrdə yenidən baş qaldıra bilirsə, bəli, bu, psixoloji travmadır. Psixoloji travma yaşayan şəxsə mütləq şəkildə psixoloji yardım göstərilməlidir. Çünki bu, psixologiyamıza dağıdıcı təsir göstərir. Travmaya tab gətirmək də fərdidir, insanın psixologiyasından asılıdır.

Məsələn, müharibələr, təbii fəlakətlər insana ağır psixoloji travma yaşada bilər və insan posttravmativ stres yaşaya bilər uzun müddət. Posttravmatik stres travmaların ən şiddətlisi sayılır və ciddi psixoloji pozuntudur. Posttravmatik inkişaf barəsində də danışmaq lazımdır. Terror qurbanı olan, ağır fəlakətdən qurtulmuş insan bir müddət sonra başlayır normal həyata adaptasiya olunmağa. Və bunları yaşamış insanın psixologiyası əvvəlki ilə müqayisədə daha güclü olur. Deməli, insan posttravmatik inkişaf mərhələsindən keçir”.

“Psixoloji travmalar bizi hansısa məqamda daha güclü edə bilər” — Travma, yoxsa, sarsıntı?

Ekspertin sözlərinə görə, hər şeyə psixoloji travma adı qoya bilmərik:

“Psixoloji travmalar bizi hansısa məqamda daha güclü edə bilər. Lakin həddən artıq olduqda şəxsiyyəti zədələyə bilər. Şəxsiyyəti zədələnmiş insan artıq istədiyi həyatı yaşaya bilmir, xoşbəxt ola bilmir, daxilən başqa insana çevrilir. Bu da psixoloji travmanın mənfi nəticələrindəndir. Travma ilə stres və depressiya amilini ayırd etməliyik. Burada zaman fərqi var. Pis əhval-ruhiyyədə ola bilərik, əgər bu, bir neçə gün çəkirsə, artıq depressiyaya çevrilir. Yıxılırıq, haramızsa ağrıyır, amma ağrı qısa müddətdə keçib gedir – bu, emosional sarsıntıdır. Amma yıxılandan sonra ayağımız, qolumuz uzun müddət gipsdə qalırsa və ya əvvəlki vəziyyətinə qayıtmırsa, bu artıq psixoloji travmadır. Psixologiyası güclü olan insan bunun öhdəsindən gəlir və posttravmatik inkişafdan keçir. Lakin hər kəs bunu bacarmır. Travmatik epizodlar hər kəsi güclü edə bilər, amma insan xoşbəxt olacaqmı?! Bu, ciddi bir sualdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova