Siyasət

"Azərbaycanla bağlı bu qərar Ukraynanın beynəlxalq hüquqa hörmətinin göstəricisidir" — Deputat

Azərbaycanla bağlı bu qərar Ukraynanın beynəlxalq hüquqa hörmətinin göstəricisidir — Deputat

"Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Sahib Alıyev Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenkonun ölkə vətəndaşlarına Azərbaycan və Gürcüstanın işğal olunmuş ərazilərinə baş çəkməyin yolverilməzliyi tələbi ilə müraciət etməsinə münasibət bildirərkən deyib.

S.Alıyev bildirib ki, ölkə başçısı Azərbaycanın xarici siyasətində "hücum diplomatiyası"nı elan edib:

"Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları da öz fəaliyyətlərini buna uyğun şəkildə qururlar. Bu gün Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Təbii ki, bu əlaqələrin qurulmasında Azərbaycanın Ukraynadakı səfirliyinin də fəaliyyətini danmaq olmaz. Eyni zamanda, bu qərar Ukraynanın beynəlxalq hüquqa hörmətinin göstəricisidir. Təkcə Ukrayna yox, hər bir dövlət bu mövqedən çıxış etməlidir. Çox təəssüf ki, biz bütün ölkələrdən bu cür prinsipial yanaşma görmürük. Eyni zamanda, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq hüququn normalarına hörmət edir. Cənab Prezident İlham Əliyevin də xarici siyasətinin uğuru odur ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq hüququn tələblərinə hörmət edir".

Xatırladaq ki, sentyabrın 27-də Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenko ölkə vətəndaşlarına Azərbaycan və Gürcüstanın işğal olunmuş ərazilərinə baş çəkməyin yolverilməzliyi tələbi ilə müraciət edib.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az