Xristianlığın katolik təriqətinin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk gələn il Türkiyəyə səfər etmək istədiyini bəyan edib.
Demokrat.az xəbər verir ki, bu barədə Vatikandan məlumat verilib.
Bildirlib ki, Roma Papası sabah Romada qeyd olunacaq müqəddəs Pyotr və Pavel dini bayramı münasibətilə bu səhər Fənər Rum Patriarxlığının nümayəndə heyətini qəbul edib.
Qəbuldakı çıxışında Papa Fransisk gələn ilin Birinci Nikeya Şurasının 1700-cü ildönümü olduğunu xatırladaraq, Nikeaya getmək arzusundan danışıb.
Papa "Bu, mənim etmək istədiyim qəlbimdən gələn bir ziyarətdir” deyib.
Birinci Nikeya Şurası 325-ci ildə Roma imperatoru I Konstantinin çağırışı ilə xristian kilsəsinə bağlı bütün yepiskopların iştirakı ilə keçirilib. Xristianlıq tarixi üçün vacib sayılan şurada mühüm dini məsələlər müzakirə edilərək qərara alınıb.
Papa Fransisk bundan əvvəl 2014-cü ildə Türkiyəyə səfər etmişdi. Roma Papası Fransiskdən başqa, 2006-cı ildə Roma Papası XVI Benedikt, 1979-cu ildə Papa II İohann Pavel, 1967-ci ildə isə Papa VI Pavel Türkiyəyə səfər edib.
Əfsanə Rəcəb Demokrat.az


