Hadisə Özəl

19 yaşlı oğlan ailəsi ilə birlikdə evlənmək məqsədilə 15 yaşlı qızı qaçırdı — TƏFƏRRÜAT

19 yaşlı oğlan ailəsi ilə birlikdə evlənmək məqsədilə 15 yaşlı qızı qaçırdı — TƏFƏRRÜAT

Qax rayonunda 2005-ci il təvəllüdlü Cəfər yetkinlik yaşına çatmayan həmyerlisi Baharla (adlar şərti göstərilib – red.) cinsi əlaqədə olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəfər qəsdən ilk dəfə 27 yanvar 2024-ci ildə, gecə saatlarında yaşadığı Qax rayonunun kəndində yerləşən fərdi yaşayış evində Baharla cinsi əlaqəyə girib. Bundan sonra isə həmin ilin yanvarın 27-dən fevral ayının ortalarınadək olan müddət ərzində mütəmadi olaraq həmin kənddə yerləşən fərdi yaşayış evində 16 yaşına çatmamış Baharla onun könüllü razılığı əsasında mütəmadi şəkildə təbii yolla cinsi əlaqədə olub.

Hadisəni törədən Cəfərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Bahar onun həyat yoldaşıdır: “Baharla 2023-cü ilin avqustun 11-də el adəti ilə ailə həyatı qurdum. Həmin vaxtı Baharın yetkinlik yaşına çatmadığı üçün aramızda rəsmi nikah bağlanmadı. Baharla aramızda molla kəbini kəsilib. Həmin vaxtı Baharla cinsi əlaqədə olmadım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Baharla ilk dəfə 2024-cü ilin yanvarın 27-də gecə yaşadığı Qax rayonunun kəndindəki evində onun da razılığı ilə təbii yolla cinsi əlaqədə olub: “Bundan sonra 2024-cü ilin fevralın ortalarına kimi Baharla evimizdə dəfələrlə cinsi əlaqədə olmuşam. Daha sonra ailəlikcə işləmək üçün Bakı şəhərinə gəldik. Suraxanı rayonunda yerləşən yaşadığımız evdə olan zaman Baharla aramızda sözlü mübahisə yarandı. Həmin vaxtı evdə ikimiz olmuşuq. Əsəbləşdiyimdən bir dəfə Baharın sifətinə vurdum. Mən hərəkətlərimə görə Bahardan üzr istədim və barışdıq. Hərəkətimdən peşman olmuşam”.

Zərərçəkmiş Baharın sözlərinə görə, 2023-cü ilin avqust ayında Zaqatala şəhərində yerləşən hazırlıq kursuna gedən zaman həmkəndlisi Cəfərlə tanış olublar: “Cəfərlə tanış olduqdan sonra ona könüllü olaraq qoşularaq qaçdım. El adəti ilə onunla ailə qurdum. Yetkinlik yaşına çatmadığım üçün nikahımız rəsmi qeyd olunmadı, kəbin kəsdirdi”.

Zərərçəkmiş bildirib ki, 2023-cü ilin avqust ayının sonlarında Cəfərlə könüllü olaraq təbii yolla cinsi əlaqədə olublar: “Daha sonra isə Cəfərlə dəfələrlə cinsi əlaqədə olmuşuq. 2024-cü ilin yanvar ayının sonlarında Cəfər və ailəsi ilə birlikdə Bakı şəhərində onların yaşadığı Suraxanı rayonuna gəldik. Bakı şəhərində olan zaman Cəfər məni döydü. Cəfər mənimlə cinsi əlaqədə olan zaman 16 yaşımın tamam olmamasından xəbəri olub. Mənim Cəfərdən heç bir şikayətim və tələbim yoxdur. Onu bağışlamışam. Biz 16 yaşım tamam olandan sonra toy edərək ər-arvad kimi yaşamağım barədə razılığa gəlmişik”.

Zərərçəkmiş Baharın anası Sevilin sözlərinə görə, 2023-cü ilin avqustun 11-də həmkəndlisi Vüqar, onun arvadı Samirə, oğlu Cəfər və qardaşı Vaqif qızı Baharı evlənmək məqsədi ilə oxuduğu Zaqatala şəhərindəki Tibb Kollecindən qaçırıblar. Onun sözlərinə görə, həmin vaxtdan 2024-cü ilin fevral ayının sonlarına kimi qızı onlarla birlikdə yaşayıb, qızının yaşı tamam olandan sonra toy edəcəkləri barədə razılığa gəliblər.

Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəfərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 4 ay 18 gün müddətinə şərti cəza verilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova