Gələn həftədən məktəblərdə yoxlamalar aparılacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov AZƏRTAC-a müsahibəsində deyib ki, prosesdə şagirdlərin dərsə davamiyyəti, onların təhlükəsizliyi mövzularında bəzi tapşırıqların icrası yoxlanılacaq: “Şagirdlərin davamiyyəti daim nəzarətdə saxlanılır. Bu proses məktəbin direktoru və direktor müavininin məsuliyyətidir və onların əmək funksiyalarına daxildir. Ötən gün də məktəblərdə dərsliklərin vaxtından əvvəl toplanmağa başlaması ilə bağlı fikirlər səsləndirildi. Biz bununla bağlı tapşırıqlar vermişik, nəzarəti gücləndirmişik”. E.Bağırov bildirib ki, yoxlamalar zamanı son zənglə bağlı hazırlıq işlərinə də nəzarət ediləcək və nəticələr ictimaiyyətə açıqlanacaq.
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında qeyd edib ki, tədris ilinin başa çatmasına 10-12 həftə qalmış buraxılış imtahanları keçirilir:

“Buraxılış imtahanlarında sonra məktəbin 9-11-ci siniflərinin şagirdlərinin dərsə gəlməsində ciddi problemlər yaranır. Davamiyyət kəskin aşağı düşür. Bu, digər siniflərə də təsir edir və məktəbin davamiyyət sistemi pozlur. Rəhbərlik, müəllimlər çalışırlar ki, qismən də olsa, davamiyyəti saxlaya bilsinlər. Bəzi məktəblərdə mayın əvvəlindən dərsliklər yığılmağa başlayıb. İndi də məktəblərdə böyük summativ qiymətləndirmələr keçirilir. BSQ-dən sonra şagirdlər sadəcə sinif yoldaşları ilə vaxt keçirmək üçün məktəbə gəlirlər. Ortada nə dərslik var, nə imtahan. Belə olan halda davamiyyətin nəyini yoxlayırlar?! Görünən odur ki, bəzi məktəb direktorları var ki, işdən kənarlaşdırılmaları lazımdır və əvəzinə yeni vakant yerlər açılması nəzərdə tutulub. Düşünürəm ki, tədris ilinin son həftəsində davamiyyətin yoxlanılmasında başqa məqsəd yoxdur. Düzdür, məktəblərdə yoxlamalar istənilən zaman aparıla bilər. Amma gəlin, sual verək, Agentlik bu vaxta qədər buraxılış imtahanlarının dərs ilinin sona çatmasına hələ 10-12 həftə qalmış keçirilməsi ilə bağlı bir təklif veribmi? Buraxılış imtahanını verən, BSQ-ni yazan, dərslikəri də yığılmış şagird məktəbə nə üçün gəlməlidir? Düşünürəm ki, həqiqətən gələn həftə yoxlamalar aparılarsa, bu, ayrı-ayrı məktəb direktorlarının işdən çıxarılması ilə nəticələnər, məqsəd də elə budur”.
Törə Zeynallı Demokrat.az


