Kriminal Özəl

Nazirlikdə mühafizəçi işləyən şəxs bıçaqlandı — MƏHKƏMƏ

Nazirlikdə mühafizəçi işləyən şəxs bıçaqlandı — MƏHKƏMƏ

Bakıda 1990-cı il təvəllüdlü Orxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının əri Yaməni bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Orxan bacısı Zəhranın əri Yamən tərəfindən təzyiqə və kobud davranışa məruz qalması, sonuncu dəfə də 23 mart 2023-cü ildə, saat 21 radələrində onunla görüşüb.

Görüş zamanı Yamənlə mübahisə edərkən üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla onun bel və qarın nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uzun illər Rusiya Federasiyasının Sank-Peterburq şəhərində yaşayıb:

“2022-ci ilin yanvarında Azərbaycana gələrək taksi fəaliyyəti ilə məşğul olmağa başladım. Ailədə üç qardaş və iki bacıyıq. Bacımın həyat Yamən həm də mənim uşaqlıq dostumdur. Hər ailədə olduğu kimi bacım ilə Yamənin arasında da ailədə problem olub, söz-söhbətlər yaranıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün də Yamənin ailəsində yenə mübahisə olub, Zəhra atasıgilə gedib: “Bunu biləndən sonra Yamənlə əvvəlcə telefonda danışdım. Sonra isə onunla görüşüb söhbət etməyə dəvət etdim. Yamən razılaşdı və 59 saylı tam orta məktəbin qarşısında görüşdük. Yamən həmin vaxt bir az içkili idi. Mənimlə pis, kobud danışdı, özünü bir az aqressiv apardı. Həm də bunun təsirindən aramızda anlaşmazlıq oldu və münaqişə yarandı. Münaqişə zamanı özüm də istəmədən Yamənə iki bıçaq zərbəsi vurdum. Amma bıçaqla vurandan sonra səhvimi, etdiyim hərəkəti başa düşdüm. Dərhal Yamənin xəstəxanaya çatdırılmasına köməklik göstərmişəm”.

İş üzrə zərərçəkmiş Yamənin sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyində mühafizəçi işləyir: “Orxan arvadımın qardaşıdır. Münasibətlərimiz həmişə yaxşı olub. 2023-cü ilin martın 23-də, saat 23 radələrində Orxan zəng edərək məni 59 nömrəli məktəbin yanına çağırdı. Orxandan nə olduğunu soruşdum. O, isə mənə orada söhbət edəcəyini bildirdi. Mən də telefonda Orxana kobud cavab verdim, bir az söyüşlə danışdım. Amma razılaşıb görüş yerinə getdim. Görüş zamanı aramızda mübahisə yarandı. Gözlənilmədən Orxan məni bıçaqla vurdu. Orxan hadisədən sonra mənim xəstəxanaya aparılmağıma kömək edib. Mən həyat yoldaşım Zəhranı döyməmişəm. Sadəcə hər ailədə olduğu kimi aramızda mübahisə olub. Bu gün də ailəmlə bir yerdəyik, mehriban yaşayırıq. Təqsirləndirilən şəxsi bağışlamışam və onunla barışmışam. Orxana qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxan 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınıb. Təqsirləndirilən şəxsin barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından həbs edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. O, Orxanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova