Sosial Özəl

“Qarabağ Universitetində 3 istiqamətdə bilik və bacarıqları olan müəllimlər dərs deməlidir” — Ekspert

“Qarabağ Universitetində 3 istiqamətdə bilik və bacarıqları olan müəllimlər dərs deməlidir” — Ekspert

Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlərin böyük bir qismi proqram rəhbəri vəzifəsi üçün müəyyən edilən tələblərə uyğun olmayan şəxslər tərəfindən edilib. Vakansiya üzrə müraciətlərin qəbulu martın 15-dək davam edəcək.

Təhsil eksperti Elçin SüleymanovDemokrat.az-a açıqlamasında qeyd edib ki, inkişaf etmiş universitetlərdə dərs demək üçün müəllim-professor heyətindən 3 istiqamətdə zəruri bilik və bacarıqlar tələb olunur:

“Qarabağ Universitetində 3 istiqamətdə bilik və bacarıqları olan müəllimlər dərs deməlidir” — Ekspert

“Birinci məsələ, təbii ki, ali təhsildir. Universitetdə dərs demək üçün şəxsin minimum magistr təhsili olmalıdır. Eyni zamanda tələb olunan xarici dilləri və kompüter proqramlarını yaxşı bilməlidir ki, dünyada aparılan elmi tədqiqatları izləyə bilsin və öz tədqiqatlarını da dünyaya çıxara bilsin. Tədrislə yanaşı müəllimlərin tədqiqat yönümlü fəaliyyəti də universitetlərin reytinqinə müsbət təsir edir. Həmçinin beynəlxalq layihələrdə iştirak həm universitetə əlavə qazanc gətirir, həm də imicini yüksəldir”.

Ekspert vurğulayıb ki, Qarabağ Universitetinin hədəfləri böyükdür və bunlara çatmaq üçün hərtərəfli keyfiyyətlərə sahib müəllim-professor heyəti seçilməlidir:

“Bununla bağlı yaxın qonşularımızda kiyafət qədər müsbət nəticələr var. Məsələn, sıfırdan qurulan bir neçə Qazaxıstan universiteti var ki, onların müasir universitet statusu qazanması üçün düzgün mexanizmlər seçilib. Dünya Bankı müasir universitetlər necə olmalıdır mövzusunda hesabat hazırlayıb, düşünürəm ki, bu hesabata nəzər yetirilməlidir. Beynəlxalq tələbələrin universitetə cəlb edilməsi də mühüm məqamdır, onlar üçün imkanlar yaradılmalıdır”.

E.Süleymanov əlavə edib ki, Qarabağ Universitetindən gözləntilər böyükdür:

“Bu hədəfləri reallaşdırmaq üçün dövlətin geniş imkanları var. Mexanizm düzgün qurularsa, ümid edirəm ki, qısa zamanda gözləntilər özünü doğruldacaq. Tədqiqatlar aparan, xarici dil bilikləri olan, beynəlxalq əməkdaşlıqlarda iştirak edən müəllimlər seçilməlidir. Çünki müasir dövrdə tədris müasir yanaşmalar tələb edir. Sevindiricidir ki, elanlarda da bu tələblərə rast gəlirik”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az