Sosial Özəl

“Təmiz havada olmaq, istirahət etmək lazımdır” — İmtahan verənlərə tövsiyələr...

“Təmiz havada olmaq, istirahət etmək lazımdır” — İmtahan verənlərə tövsiyələr...

Martın 17-də 46 min 741 şagird buraxılış imtahanı verəcək. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə orta təhsil (9 illik) səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanı Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə-1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran-1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında baş tutacaq.Bəzi şagirdlər imtahana görə stres keçirir, narahat olur, fikrini toplaya bilmirlər.

Psixoloq Gülnar Orucova imtahan stresi yaşayan şagirdlərlə tövsiyələrini bölüşüb.

O, Demokrat.az-a açıqlamasında deyib ki, daha çox məsuliyyət hiss edən şagirdlər imtahan stresi yaşayırlar:

“Şagird məsuliyyətini dərk edirsə, onda stres yarana bilər. Amma stresin də orta və yüksək dərəcəsi var. Yüksək dərəcəli stres bir çox problemlərə yol açır – tərləmələr, baş gicəllənməsi, ürək bulantısı, təzyiq və s. Bunun az olması və ya olmaması bizi əhatə edən mühitdən asıldır. Əvvəllər müəllimlər şagirdlərə daha çox dəstək olurdu, indi isə bəziləri uşaqları yersiz təşvişə salır. Müəllim istəyir ki, dərs dediyi uşaq uğur qazansın, çəkilən zəhmət hədər getməsin, amma qorxudaraq buna nail olmaq olmaz. Bəzən deyirlər imtahan çətin olacaq, bu da şagirddə əlavə narahatlığa səbəb olur”.

“Təmiz havada olmaq, istirahət etmək lazımdır” — İmtahan verənlərə tövsiyələr...

Ekspert qeyd edib ki, valideynlər imtahan ərəfəsində övladlarına dəstək olmalıdırlar:

“Valideyn bildirməlidir ki, övladını uğursuzluqları ilə də qəbul edir. Düzdür, hamımız övladımızın uğur qazanmasını istəyirik, amma imtahan dünyanın sonu deyil. Uşağı əzərək, qəlbini qıraraq nəticə əldə edə bilmərik.

Şagirdlər gündəlik rejimlərinə nəzarət etməlidirlər. Yemək, yuxu saatı nizamlı olmalıdır. Məsləhət görürəm ki, imtahana iki gün qalmış dərslər təkrarlanmasın, bu, əksinə beyindəki informasiyaları qarışdıra bilər. Bu müddət ərzində təmiz havada olmaq, istirahət etmək, pozitiv düşüncədə olmaq lazımdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az