Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil edəcək. Nazirliyin məlumatına görə, yarmarkada əvvəlcədən qeydiyyatdan keçən fermerlər iştirak edə biləcək. Ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Onlar 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, yarmarkaların təşkili paytaxtda qiymətlərin tənzimlənməsində ciddi rol oynamır, çünki təşkilati məsələlərlə bağlı müəyyən problemlər var. Ekspert Demokrat.az-a açıqlamasında qeyd edib ki, fermerlərin heç də hamısına məhsullarını hər gün bölgələrdən Bakıya gətirmək sərf etmir:

“Elə fermerlər var ki, gündəlik olaraq bazara çox az miqdarda məhsul çıxara bilirlər. Onların hər dəfə bazara gəlməyi, yol pulu, qalmaq yeri əlavə xərcdir. Yəni yarmarkalar çox vaxt ənənəvi bazarlar şəklində işləyir. Kiçik həcmli məhsul istehsalçıları bir əldən ucuz qymətə məhsullarını satırlar. Yarmakalarda iştirak edən fermerlər elə adi vaxtda bazarlarda satış edən insanlardır”.
N.Cəfərli hesab edir ki, yarmarkaların işləmə prinsipində yeni mexanizmlərə ehtiyac var:
“Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumlar konkret fermerə deyil, kəndlərə yer ayırsalar, o zaman fermerlər də öz aralarında razılığa gələ bilərlər. Kəndin bütün məhsullarını bir nəfərə təhvil verə, növbəylə öz məhsullarını yarmarkalarda sata bilərlər. Bu onlara daha çox sərf edər. Elə kəndlər var ki, fermerdə bir məhsuldan ancaq 50-100 kq var, onu yükləyib Bakıya gətirməsi qazancından baha başa gəlir. Yarmarkaların təşkili yaxşı ideyadır, lakin müəyyən yeni mexanizmlərin tətbiqinə ehtiyac var”.
Törə Zeynallı Demokrat.az


