Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik: “Əgər bizim AŞPA-da öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir”, ölkə başçısı vurğulayıb.
Politoloq Natiq Miri hesab edir ki, Avropa Birliyi adlanan siyasi-iqtisadi məkan həqiqəti görməzdən gəlir və ört-basdir etməyə çalışır.
O, Demokrat.az-a açıqlamasında deyib ki, xristian dünyası Azərbaycana təzyiqi davam etdirməklə özünün bir parçası olan Ermənistanı önə çəkmək və onu qalib kimi görmək istəyindədir:
“Bir tərəfdən Almaniyanın təşəbbüsü ilə Azərbaycan-Ermənistan danışıqları gedərkən digər tərəfdən Avropa Parlamenti Azərbaycana sanksiyaların tətbiq olunması ilə bağlı iki qətnamə qəbul edir. Bunlar onun göstəricisidir ki, Avropa məkanı haqq-ədalət anlayışından sinifdə qalıb, bu da Qərbə qarşı antipatiya yaradır. Borell açıqca etiraf edir ki, Qərb özünün dünyada dominantlığını itirib, o, dünyaya dərs keçəcək səviyyədə deyil. Avropa institutları artıq öz cəlbediciliyini itirir. Azərbaycan öz haqqını müdafiə edib, ədaləti bərqərar edən kimi Avropa ölkələri başda olmaqla bütün xristian dünyası üzərimizə gəlməyə başladı. AŞPA-dan çıxmaq məsələsində mövqeyimiz tamamilə doğrudur. Bu gün biz Avropaya inteqrasiya barədə deyil, türk dünyasını möhkəmlətmək barədə düşünməliyik. Gələcəyimiz türk birliyindədir. Biz burada bərqərar olmalı və bu türk dünyası coğrafiyasını dünyanı yönəldən gücə çevirməliyik”. Törə Zeynallı Demokrat.az


