Kriminal Özəl

42 yaşlı kişi kiçik qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

42 yaşlı kişi kiçik qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

Astara rayonunda 1982-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Pənaha (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 17-də, saat 23.30-da Astara rayonu Səlivə kəndində baş verib. Vüsal ara yolda qardaşı Pənahla aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun üz və boyun nahiyəsinə yumruqla iki dəfə qəsdən vurub.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Astara rayonu Səlivə kəndində ailəsi ilə birlikdə yaşayır: “Ailəliyəm, beş uşağım var. Uşaqlarımdan biri azyaşlı, ikisi yetkinlik yaşına çatmayandır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Pənah mənim qardaşımdır. Dekabrın 17-də, saat 23 radələrində yaşadığım evdə olan zaman qardaşımın sərxoş vəziyyətdə olması barədə mənə məlumat verildi. Mən də qardaşım Pənaha zəng etdim, ona “çıx gəl evinə, içki halda küçədə gəzmə” dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yaşadıqları evdən çıxaraq ara yolla gedib və saat 23.30-da ara yolda qardaşı Pənahı görüb: “Pənaha çox spirtli içki içməsini irad bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Həmin vaxt əsəbləşib Pənahın üz və boyun nahiyələrinə yumruq zərbəsi vurdum. Sonra yaşadığım evə getdim”.

İş üzrə zərərçəkmiş Pənahın sözlərinə görə, dekabrın 17-də, saat 23 radələrində yaşadıqları Astara rayonu Səlivə kəndində olan mağazaya gedib: “Ərzaq almaq istədim. Həmin vaxt mağazanın sahibi böyük qardaşım Vüsala zəng edərək mənim sərxoş olduğumu bildirdi. Buna görə də qardaşım zəng edərək mənimlə telefonda mübahisə etdi. Daha sonra saat 23.30-da yaşadığım evin qarşısına gələndə qardaşım mənə yaxınlaşaraq iradını bildirdi. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı qardaşım mənim sol göz nahiyəmə və sağ boyun nahiyəmə yumruq zərbələri vurdu”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova