Ermənistan Fransadan silah almağa davam edəcək. Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda fransalı həmkarı Sebastyan Lekornu ilə keçirilən birgə mətbuat konfransında bildirib ki, yaxın gələcəkdə regiondakı vəziyyətdən asılı olmayaraq, hətta Azərbaycanla sülh sazişi imzalandıqdan sonra da ölkəsi silah və sursat almağa davam edəcək.
Politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında deyib ki, Fransa Ukraynaya sata bilmədiyi silahları Ermənistana satır, bir növ biznes fəaliyyəti ilə məşğuldur:
“Erməni hərbi ekspertlər açıq şəkildə bildirirlər ki, bu zirehli maşınlar heç bir işə yaramır. Düzdür, hava hücumundan müdafiə sistemində pilotsuz uçuş aparatlarını qeyd edə bilir, amma məhv etmək üçün üzərində heç bir silah yoxdur. Onu da bildirirlər ki, Fransanın əsas məqsədi Rusiyanın hava hücumundan müdafiə sisteminə daxil olmaqdır, yəni kəşfiyyat xarakteri daşıyır. Yəqin ki, bunu Rusiya da gözəl başa düşür. Hadisələrin gedişi onu göstərir ki, tezliklə Rusiya-Ermənistan münasibətləri yeni gərginlik müstəvisinə çatacaq. Çünki Ermənistan qərar verdi ki, İrəvanın Zvartnots beynəlxalq hava limanından Rusiya sərhədçiləri çıxarılsın. Fransa çalışır ki, bütün hallarda Ermənistanı bölgədə Rusiya ilə üz-üzə qoysun. Necə ki, Ukraynanı qurban verdilər, indi də Ermənistanı qurban verirlər. Fransa heç də Paşinyanın düşündüyü kimi Ermənistanın “böyük bacı”sı deyil, əksinə onu yanlış yola çəkən tərəfdir.
Ermənistan hakimiyyəti yaxşı bilir ki, Azərbaycanla sülh sazişi imzalanmasa, onu böyük problemlər gözləyir”.
Törə Zeynallı Demokrat.az


