“Uşaq hüquqları haqqında” yeni qanun layihəsində məktəblilərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza mexanizmlərinin yaradılması nəzərdə tutulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, belə hadisələr baş verdikdə tədbirlər görülməsi vacibdir, valideynlər isə bu məsələdə daha diqqətli və həssas olmalıdırlar.
Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında yeni qanun layihəsində bu məsələnin əksini tapmasını müsbət qiymətləndirib:
“Axır ki gözlədiyimiz tədbir görüləcək. Maarifləndirici, tənbehedici söhbətlərlə bu problemlər həll edilməyək. Bullinq cinayət hesab edilmir və bu da uşaqları arxayınlaşdırır, onları tərbiyə edə bilməyən valideynləri rahatlaşdırır. Bullinq edən uşaqların valideynləri uzağı məktəbə çağırılır, danlanır. Nəticə olurmu? Əlbəttə ki yox. Uşaqlar atdığı addımın nələrə səbəb olacağını anlamalıdırlar, son hadisədə də gördük ki, bunu anlayacaq yaşdadırlar, lakin yenə də edirlər. Çünki bilirlər ki, uzaqbaşı danlanacaqlar, amma əvəzində baxış sayı, aktivlik əldə edəcəklər”.
Ekspertin sözlərinə görə, təcrübə göstərir ki, bullinq edən uşaqlar haqqında hər hansı tədbir görülmür: 
“İslah-əmək koloniyaları nə üçün var? Tərbiyələndirmək üçün. Mən bildiyimə görə hazırda ora 14 yaşından yuxarı uşaqlar göndərilir, onlar da qəsdən adam öldürməyə, sağlamlığa zərər vurmağa, zorlamağa, soyğunçuluğa, quldurluğa, adam oğurlamağa, hədə-qorxu gəlməyə və bu kimi cinayətlərə görə göndərilir. Bəs, bullinq edən uşaqlar necə olur? Onlar haqqında hansı tədbirlər görülür? Təcrübə göstərir ki, heç bir tədbir görülmür. Söhbətlə düzəlməyəcək bu uşaqlar, buna əmin olun. Daha sərt tədbirlər görülməlidir və belə başa düşürəm ki, Komitə artıq bu istiqamətdə addım atıb. Amma o cəza mexanizmləri də söhbət, tənbeh kimi üsullarla məhdudlaşdırılmamalıdır”.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.
Törə Zeynallı Demokrat.az


