Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı 55 yaşını qeyd edir.
Demokrat.az mətbuatda öz dəsti-xəsti ilə seçilən qələm sahibi ilə qısa müsahibəni təqdim edir:
- Akif müəllim, adətən, deyirlər ki, iki beş rəmzi məna daşıyır. Bunu həyatın verdiyi qiymət hesab edirlər. Bir də var insanın özünə verdiyi qiymət. Bunu hesabat da adlandırmaq olar. Siz həm də müəllimsiniz. Müəllim Akif Aşırlı jurnalist, baş redaktor Akif Aşırlıya neçə qiymət verir?
- Özümə “5” verməzdim, çünki görməli olduğum işlərin bir çoxunu hələ görməmişəm. Nəzərdə tutduğum xeyli işlər vardı. Qəzet, redaksiya, jurnalistika ilə bağlı da bir çox planlarım var idi. Qarşıma qoyduqlarımı bu müddət ərzində tam olaraq yerinə yetirə bilməmişəm.
Görünür haradasa boşluqlar buraxmışam və ya iradəm imkan verməyib, ya da mövcud şərait arzularımı reallaşdırmaq üçün əlverişli olmayıb. Ona görə də bir müəllim olaraq özümə yüksək qiymət verməzdim.
- Siz milli mətbuatımızın, Cümhuriyyət dövrü mətbuatının tədqiqatçısısınız. Dövrləri müqayisə edəndə hazırkı mediamız necə görünür? - Mətbuatımızın 150 illik tarixinə nəzər salanda görürük ki, həm inkişaf mərhələləri var, həm müəyyən problemlər, tənəzzül dövrü... Təbii ki, bu, tarixi proseslərlə, mövcud siyasi şəraitlə bağlı məsələdir. Ötən dövr ərzində jurnalistikamızın əsas fəaliyyət istiqaməti maarifçilik olub. Mətbuat cəmiyyəti maarifləndirib mütəşəkkil hala gətirib.
Əgər mətbuatımızın başlanğıc nümunələrinə nəzər yetirsək, son nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını qeyd edə bilərik. Cümhuriyyətin qurulmasında Azərbaycan mətbuatı və jurnalistikasının özünəməxsus rolu və yeri var. İndiki dönəmin də spesifik xüsusiyyətləri var. Klassik media ənənələrinin qorunub saxlanılmasından, inkişaf etdirilməsindən ümumiyyətlə bəhs etmək istəmirəm. Çünki bu istiqamətdə inkişaf görmədiyimi deyə bilərəm. Tamamilə yeni bir jurnalistika mühiti yetişib. Bununla belə, sosial medianın sürətli inkişafı, yeni bir sivilizasiyanın başlanğıcı mərhələsində Azərbaycan mətbuatı maarifçilik missiyasını nisbətən qoruyub saxlaya bilir. Maarifçi nəşrlərin özünü qoruyub saxlaması, cəmiyyətdə mövqeyini itirməməsi üçün dövlət də müəyyən dəstək verir. Klassik jurnalistika ənənələrinə sədaqətlə xidmət edən jurnalistlər də bu sahədə fədakarlıq göstərirlər. Bu baxımdan yeni keyfiyyət mərhələsindəyik, yeni mərhələ özü ilə birgə problemlər də, çətinliklər də gətirir, təbii ki. Ona görə də bu mərhələyə geniş qiymət vermək hələ tezdir.

- Qərb media dəyərləri sistemi çərçivəsində mediaya biznes strukturu kimi yanaşsaq, maliyyə, reklam yoxluğu, abunə azlığı problemləri aktualdır. Sosial medianın da informasiya ötürücüsü rolunda çıxış etməsi geniş ölçüdə yeni media strukturlarının, media meyillərinin yaranmasına gətirib çıxarır. Bu meyilləri təhlil etməyə də zaman yetmir, çünki çox sürətlə müasir vasitələr ortaya çıxır.
Oxucular da müəyyən dərəcədə bundan bəhrələnməyə çalışırlar. Keyfiyyətli jurnalistika artıq yerini daha çox mesaj jurnalistikasına verir. Düşünürəm ki, yaradıcılıq sahəsində də problemlər yaşayırıq. Kadr hazırlığı baxımından da müəyyən çətinliklər var.
- Bu gün sanki bəzi media qurumlarının məqsədi yalnız IP toplamaqdır. Mediamız şou, kriminal, bayağı məlumatları tirajlamaqda niyə bu qədər maraqlıdır?
- Demək olmaz ki, bu, bütün mediaya aiddir. Jurnalistika peşəsinin dəyərlərinin qorunduğu, qanunlarına əməl edildiyi nümunələr də var. Bütövlükdə isə IP pul gətirirsə, o xəbərin cəmiyyətə hansı yöndə təsir etməsi məsələsi də önə çıxır. Əgər xalqın mənəvi dəyərlərinin aşınmasına azacıq da olsa təsir edirsə, nəyə lazımdır o IP, o qazanc?! Mən belə düşünürəm.
- Bildiyimizə görə, ad günlərinizi "Şərq"in redaksiyasında qeyd edirsiniz həmişə. Və hər zaman da deyirsiniz ki, "Şərq" mənim övladımdır. "Övlad”ınızdan razısınızmı?
- Razıyam, əlbəttə... Ata ocağını tərk edən övladlar olur, özlərinə yuva qururlar, iş, peşə... Müxtəlif sahələrdə çalışırlar. “Şərqçi”lər də belədir. Bu gün “Şərq” məhdud komanda ilə çalışır, ancaq onun böyük ailəsi var. Sosial şəbəkədə mənə təbrik ünvanlayan insanların əksəriyyəti elə “şərqçi”lərdir. Bu gün onlar müxtəlif ailələrdə cəmləşsələr də, bütövlükdə “Şərq”i heç vaxt unutmurlar.
Törə Zeynallı Demokrat.az


