Gündəm Özəl

Sülh danışıqları üçün neytral platforma — Tbilisinin vasitəçiliyi gündəmdədir

Sülh danışıqları üçün neytral platforma — Tbilisinin vasitəçiliyi gündəmdədir

Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili parlamentdə çıxışı zamanı deyib ki, Tbilisi İrəvan və Bakı arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır. “Report”un “Sputnik-Georgia”ya istinadən verdiyi xəbərə görə Darçiaşvili regionda sülh və sabitliyin təşviqi üçün Gürcüstanın Sülh Qonşuluq Təşəbbüsünü başlatmaqla bağlı mühüm addım atdığını qeyd edib: “Bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın yaranmasına dəstək olacaq istənilən aktual mövzuları müzakirə edə biləcəkləri bir platformaya çevrilsin”, - o bildirib.

Politoloq Turan Rzayev hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində Gürcütanda görüşlərin keçirilməsi effektiv ola bilər.

O, Demokrat.az-a açıqlamasında deyib ki, rəsmi Bakı prinsip etibarilə hazırda Ermənistan-Azərbaycan münaqişəsini regional münaqişə sayır:

“Çünki biz hər zaman deyirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin 4 qətnaməsi olduğu üçün münaqişənin geridə qalan mərhələsi beynəlxalq münaqişə sayıla bilərdi.

Amma Azərbaycan 44 gün davam edən II Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri fonunda bu münaqişəyə son qoydu. Hazırkı münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir və bu, regional xarakter daşıyır. Çünki buna dair hər hansı beynəlxalq hüquqi akt və ya sənəd yoxdur. Buna görə münaqişənin həlli də regional formatda olmalıdır. Prezident İlham Əliyev bu məsələ barədə dəfələrlə qeyd edib ki, regionun problemləri region daxilində həll edilməlidir. Son 200 illik tarixə baxdıqda görürük ki, Tbilisi Qafqazın siyasi mərkəzi olub. İki ölkə arasındakı sülh prosesinin neytral ölkə olan Gürcüstanda aparılması mümkündür, çünki Gürcüstan prinsip etibarilə hər iki tərəfə yaxın dövlətdir və hər ikisi ilə də münasibətləri yaxşıdır”.

Ekspert əlavə edib ki, əslində, Azərbaycan üçün görüşlərin harada keçirilməsinin, sülhün harada imzalanmasının fərqi yoxdur:

“Bizi nəticə maraqlandırır. Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır. Onun enerji təminatını Azərbaycan gerçəkləşdirir. Eyni qayda ilə Ermənistanın kənd təsərrüfatı məhsulları Gürcüstan üzərindən Rusiya bazarlarına çıxarılır. Bunlar Gürcüstanın vasitəçi olmaq potensialından xəbər verir. Təbii ki, burada Gürcüstanın siyasi ağırlığı yoxdur, məsələ ikili danışıqların keçiriləcəyi neytral bir platformanın olmasıdır ki, Gürcüstan bu kriteriyaya tam uyğundur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova