“Bugünkü seçkilər tarixi əhəmiyyət daşıyır. Seçkilərdə iştirak etməyə bilərəmmi?! Azad, suveren, ərazi bütövlüyü təmin olunmuş bir məmləkətin prezident seçkilərində iştirak etmək qürurvericidir. Bu gün sükut günüdür, amma onu deyə bilərəm ki, Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə səs verdim”.
Bunu Demokrat.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. O, səsvermədə iştirakın əhəmiyyətli olduğunu vurğulayıb:
“Oğlum Kamalla getmişdik. Onun hələ səsvermə hüququ yoxdur, 14 yaşı var. Bizim məntəqə Pedaqoji Universitetdə yerləşir. İllərdir orada səs verirəm. Aktivlik çox idi. Televizorda cənab Prezidenti gördüm, Xankəndində səsvermə üçün növbədə dayanmışdı. Mən də onun kimi növbədə dayandım, səsimi verdim (gülür). Bu il fəallıq daha çoxdur, bütöv Azərbaycan səs verir. Hər qarış torpağımızda səsvermə keçirilir. Həm də artıq xalq bilir ki, kim kimdir. Bilir ki, ölkənin gələcəyi hər bir seçicinin öz əlindədir. Əvvəllər bəlkə də seçkinin mahiyyətini dərk etmirdik, amma indi fərqindəyik ki, hər bir səs rol oynayır. Mənə elə gəlir ki, səsvermə bitənə qədər əhalinin demək olar ki, hamısı seçki hüququndan istifadə edəcək”.
Törə Zeynallı Demokrat.az


