“AŞPA Azərbaycan-Ermənistan sülh prosesinə təsir edəcək elə də ciddi qurum deyil. Daha çox məsləhət xarakteri daşıyan qərarlar verir. AŞPA bu vaxta qədər Azərbaycan əleyhinə qərarlar verirdi ki, bu da Ermənistanla sülh prosesinin gedişində narazılıq yaradırdı”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Onun sözlərinə görə sülh müqaviləsinin imzalanması prosesində müəyyən gecikmələr ola bilər:
“Ermənistanın Rusiyanın prosesdəki iştirakından imtina etməsi, Azərbaycanın da Brüssel platformasına soyuq yanaşması prosesi uzada bilər. Artıq bunun ilkin simptomlarını görürük. Paşinyan açıqlamalarında bildirir ki, Azərbaycanla Ermənistan arasında pakt imzalansın, əvvəllər də qoşunların sərhəddən çəkilməsi təklifini irəli sürmüşdü. Bu da onu deməyə əsas verir ki, Paşinyan sülhün gecikəcəyini düşünür. Məhz buna görə də yenidən iki ölkəsinin sərhəddə üz-üzə gəlməməsi və ya Azərbaycan tərəfindən hansısa şəkildə sülhə məcbur edilməmək üçün təkliflər edir”.
Siyasi şərhçi hesab edir ki, Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırması Ermənistanla sülh prosesinə təsir etməyəcək:
“Sülh prosesində maraqlı bir neçə tərəf var. Bəziləri istəyir ki, proses onların diktə etdiyi şərtlər altında davam etsin və ya geciksin. Rusiya ənənəvi olaraq sülh müqaviləsinin imzalanmasını gecikdirmək, Ukrayna müharibəsi başa çatandan sonra reallaşmasını istəyirdi. İndi isə öz ərazisində öz şərtləri ilə imzalanmasını istəyir. Rusiyaya alternativ Avropa İttifaqı Brüssel platforması var. Buna uyğun olaraq Brüsseldə bir neçə görüş keçirildi, bir sıra sahələrdə irəliləyiş əldə olundu - dəmiryolu xəttinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası və bununla bağlı komissiyasının yaradılması və s. ABŞ də ipləri öz əlinə almağa çalışırdı, Vaşinqton görüşünü xatırlaya bilərik. Bundan başqa Qranada və Kşinyov sammitləri keçirildi ki, burada 5-li format təklif olunurdu. Bu, Aİ-dən başqa Fransa və Almaniyanın birbaşa iştirakını nəzərdə tuturdu. Gürcüstan və BƏƏ də sülh müqaviləsinin imzalanmasında vasitəçilik etmək, bununla beynəlxalq prestij qazanmaq istəyir. Sülh prosesini kim diktə edəcəksə, onun regionda və dünyada nüfuzu artacaq”.
Törə Zeynallı Demokrat.az


